Çin hakimiyyəti ölkənin “xarici düşmən qüvvələr” tərəfindən ciddi və davamlı təhdid altında olduğu düşüncəsindədir.
Bu səbəbdən də öz vətəndaşlarına milli təhlükəsizliyi təhdid edən şəxslər barədə məlumat müqabilində 100 000 yuan (15 000 ABŞ dolları) və daha çox məbləğdə pul mükafatı təklif edir.
Bu barədə CNN məlumat yayıb. Nəşrin xəbərinə görə, Dövlət Təhlükəsizlik Nazirliyinin dərc etdiyi qaydalara əsasən, faydalı məlumat verən şəxslər ya sertifikat şəklində “mənəvi mükafatlar”, ya da pul şəklində “maddi mükafatlar” ala bilərlər.
Nağd pul mükafatları məbləğindən asılı olaraq 10 000 yuandan (1500 ABŞ dolları) az və 100 000 yuandan çox olmaqla dörd səviyyəyə bölünür.
Donoslar əvvəllər dövlətə məlum olmayan hərəkətlər və ya iştirakçılar haqqında konkret məlumatlar ehtiva etməlidir. Onlar şəxsən, onlayn, poçtla və ya milli təhlükəsizlik qaynar xətti vasitəsilə təqdim edilə bilər.
Qeyd olunur ki, uzun illərdir ki, Çin hakimiyyəti, xüsusən də Si Cinpinin hakimiyyəti dövründə ictimaiyyəti xarici casuslar və onların çinli işbirlikçiləri haqqında məlumat verməyə təşviq edib.
2017-ci ildə Pekin bələdiyyə orqanları casusun ifşasına kömək edən hər kəsə yarım milyon yuana (75 min dollar) qədər mükafat təklif etməyə başlayıb. Dövlət qəzeti “Beijing News”a görə, il ərzində səlahiyyətlilər 5000-ə yaxın hesabat alıb və tədqiqatçılardan tutmuş taksi sürücülərinə qədər informatorları mükafatlandırıblar.
Mənbə: UNİAN