Tokioda karatenin kudo növü üzrə dünya çempionatında qızıl medal qazanan Vüsal Əliyev uğurundan danışdı 

 17-05-2023

Yaponiyanın paytaxtı Tokioda karatenin kudo növü üzrə keçirilmiş dünya çempionatında qızıl medal qazanan Azərbaycan idmançısı Vüsal Əliyev uğurundan danışıb.

Bu gün keçirilən mükafatlandırma mərasimində jurnalistlərə açıqlamasında o bildirib ki, əvvəllər bu nəticəni əlçatmaz hesab edib:

“Azərbaycana bu idman növü üzrə ilk qızıl medalı qazandırdığım üçün fəxr edirəm. Kudo çox çətindir. Gərgin məşqlərin sonunda buna nail olmaq qürurvericidir. Sevinc Mövsümzadə ilə birlikdə 27 ölkənin idmançıları arasında öz çəkilərimizdə birinci oldu. Hər çəki dərəcəsində, demək olar ki, yerli idmançılar ilk pilləyə layiq görüldülər. Yalnız iki çəkidə fərqli ölkələr - Azərbaycan və Kuba ilk sıranı tutdu. İndiyədək Azərbaycan bu idman növündə qızıl medal qazanmamışdı. Bizə yuxu, əlçatmaz iş kimi gəlirdi. Amma məşqçilərin, dəstək olan insanların sayəsində bunu bacardıq. Gecə-gündüz zaldan çıxmırdıq ki, bu nailiyyətə çataq. Fəxr edirəm ki, bayrağımızı yüksəklərə qaldırdıq və "Dəmir Yumruğ"un gücünü həm döyüş meydanında, həm də idmanda bütün dünyaya göstərdik”.

Əliyevin sözlərinə görə, kudonun çətinliyi özündə taekvondo, boks, tayboks, cüdo və digər bu gün döyüş növlərini birləşdirməsidir:

“Nə qədər çalışıb güclü-qüvvətli olsan da, rəqibdən asılı olaraq vəziyyət dəyişə bilər. Yəni, tam hazır olduğun anda belə, bir zərbə ilə nokauta düşə bilərsən. Yəni, bura ən güclülərin liqasıdır”.

Daha çox şəkil burada: PhotoStock.az

Bənzər yazılar

0.12996315956116