“Korea Post”: “Qara Yanvara görə keçmiş Sovet rəhbərliyi məsuliyyət daşıyır” 

 18-01-2023

“1990-cı il yanvarın 20-də azərbaycanlılara qarşı törədilən və tarixə Qara Yanvar kimi düşən cinayətə görə keçmiş SSRİ rəhbərliyi məsuliyyət daşıyır”.

Bu barədə “The Korea Post”da dərc olunan məqalədə deyilir.

Qeyd olunur ki, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin kobud şəkildə pozulmasına çevrilən hadisələrdən 33 il keçməsinə baxmayaraq, Azərbaycan tarixində bu qara zolaq beynəlxalq aləmdə siyasi və hüquqi qiymət almayıb.

“Beynəlxalq hüquqa görə, 20 Yanvar hadisələri bəşəriyyətə qarşı cinayət kimi tövsif edilməli, onun təşəbbüskarları və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar”, - deyə məqalədə qeyd olunur.

Bu qədər dinc azərbaycanlının qətlə yetirilməsinin səbəbi 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddialarından, eləcə də yüz minlərlə azərbaycanlının Ermənistandan zorakılıqla və vəhşicəsinə deportasiyasından sonra güclənən milli hərəkata əngəl törətmək və Azərbaycan xalqının müstəqillik iradəsini qırmaq istəyi olub.

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə 26 min sovet əsgəri Bakı və Sumqayıta, eləcə də Azərbaycanın digər şəhərlərinə soxulmuş, nəticədə 147 dinc sakin həlak olmuş, 744 nəfər ağır yaralanmışdı.

1994-cü ilin fevralında Azərbaycan Milli Məclisinin növbədənkənar iclasında 1990-cı il yanvarın 20-də günahsız insanların vəhşicəsinə qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilib.

Bu gün Qara Yanvarda, həmçinin Azərbaycanın müstəqilliyi, ölkənin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid qəhrəmanların ruhu nəhayət ki, rahatlıq tapıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın igid ordusu torpaqları işğaldan qurtararaq, ölkənin ərazi bütövlüyünü bərpa edib”, - deyə məqalədə vurğulanıb.

Bənzər yazılar

0.42907190322876