ABŞ Prezidenti Donald Tramp nə üçün dünyanın texnoloji liderlərini ətrafına toplayıb, yaxud nə üçün dünənə kimi Trampla düşmən olanlar indi onun ətrafına yığışıblar?Görünən odur ki, ABŞ- ın siyasi establişmenti və dünyanın texnoloji elitası birləşib.
Ölkə.Az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib. O, ötən gün keçirilən inaqurasiyada dünyanın texnoloji liderləri də iştirakına diqqət çəkib:
"Mark Zukerberq (Meta), Ceff Bezos (Amazon), Sundar Pichai (Google), Tim Kuk (Apple), İlon Mask (Tesla və SpaceX ), Sam Altman (OpenAI ), Shou Zi Chew (TikTok) orada idilər.
Maraqlıdır ki, bunların bir çoxu Trampın əvvəlki prezidentlik dönəmində, hətta 2023-cü ilədək onunla düşmən münasibətlərində olublar.
Onun hesablarını bağlayıblar, statuslarını və mesajları siliblər, hər vasitə ilə onu əngəlləyiblər. Tramp isə onları “xalq düşməni”, “saxta xəbər” mənbələri adlandırıb. Ötən dövrlərdə az qalmışdı ki, Tramp bu şirkətlərin hər birini bir neçə yerə bölsün. İndi isə görünür ki, hamısı bir yerdədirlər.
Düşünürəm ki, burada bir neçə məqam ola bilər.
Görünür, Tramp qarşısına elə məsələlər qoyub ki, xüsusən də Çinlə və ABŞ-ni gücləndirməklə bağlı, texnoloji liderləri andiçməyə dəvət etməklə o, keçmiş mübahisələri aradan qaldırmaq və gələcəyə yönəlmiş yeni əməkdaşlıq səhifəsi açmaq istəyir.
Tramp texnologiya nəhənglərinin dəstəyi ilə ABŞ-nin dünyada texnologiyalar və innovasiyar, həmçinin süni intellekt sahəsində liderliyini möhkəmləndirməyi hədəfləyib".
O.Gündüz texnoloji liderlərin Trampla yaxınlaşmasını isə belə izah edib:
"Fikrimcə, onların Trampı ziyarət etməsi həm də bu liderlərin rəhbərlik etdikləri şirkətlərin gələcək taleyinin sual altında olması da mühüm rol oynayıb.
Keçmiş dövrlərdə Tramp administrasiyası texnoloji nəhənglərə qarşı antiinhisar qanunları sərtləşdirmək niyyətində olub və dəfələrlə sosial media platformalarının ifadə azadlığını məhdudlaşdırdığı bildirib.
Tramp əvvəllər bir çox texnoloji şirkətlərin hədsiz böyük səlahiyyətlər əldə etməsindən narahatlığını ifadə edib. Güman ki, indi bu texnoloji liderlər Trampın yeni administrasiyası ilə yaxşı münasibət quraraq, gələcəkdə bu tənzimləmələrin qarşısını almaq, gələcək riskləri idarə etmək və ya daha yumşaq siyasətlərə nail olmaq niyyətindədir.
Dünənə kimi aralarında soyuq münasibətlər olmasına baxmayaraq yenidən bir yerdə toplanmaq həm də təbii ki, para ilə, bizneslə bağlıdır.
Bu qlobal texnologiya nəhəngləri, texnlogiyalar və süni intellekt, enerji, kosmos və kibertəhlükəsizlik kimi strateji sahələrdə, ABŞ hökumətindən əhəmiyyətli maliyyə yardımları və subsidiyalar alırlar.
Xatırlayıram ki, ötən dövrlərdə təkcə Ceff Bezosun bulud texnologiyaları ilə bağlı ABŞ hökumətilə 10 milyardlıq bir müqaviləsini Tramp əngəlləmişdi. Səbəb isə Ceffin sahiblik etdiyi Vaşinqton Post qəzetində Tramp əleyhinə olan yazılar idi.
İndi texnoloji liderlər Trampın ətrafında birləşməklə, bu maliyyə dəstəklərinin davamlılığını təmin etməyə çalışırlar.
Yəni görünən odur ki, qlobal şirkətlərin biznes maraqları, ABŞ-ninn yeni dünya düzənində hegemon roulunun gücləndirilməsi , Çin, Avropa və digər bölgələrdə texnoloji rəqabət qabiliyyətini yüksəltmək kimi maraqlar Trampı və texnoloji liderləri bir araya gətirib".
O.Gündüz əlavə edib ki, dünənə kimi ABŞ-dəki mövcudluğu sual altında olan TikTok rəhbərinin ABŞ-nin siyasi və texnoloji establişmentinə qoşulması isə bir ayrı müzakirə mövzusudur.
Bilurə Yunus