Şimali Makedoniya prezidenti: "Azərbaycanla tərəfdaşıq və bunu inkişaf etdirmək niyyətindəyik"

 13-03-2025

"Azərbaycan və Şimali Makedoniya tərəfdaşlıq qurublar və onu daha da inkişaf etdirməyi hədəfləyirlər".

Milletinsesi.info "Report"a istinadən xəbər verir ki, bunu Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun açılışında bildirib.

Şimali Makedoniya prezidenti qonaqpərvərliyə və forumda iştirak etmək üçün dəvətə görə Azərbaycana və Nizami Gəncəvi Mərkəzinə təşəkkürünü bildirib.

Həmçinin Qordana Silyanovska-Davkova XII Qlobal Bakı Forumunun təkcə dialoq üçün mühüm platforma deyil, həm də aktual qlobal problemlərin həlli yollarını tapmaq baxımından səmərəli vasitə olacağına əminliyini ifadə edib.

"Əminəm ki, burada aparılan müzakirələr təkcə ideya mübadiləsinə deyil, həm də sülh, təhlükəsizlik və davamlı inkişafın təmin edilməsinə yönəlmiş konkret qərarların qəbul edilməsinə töhfə verəcək", - deyə prezident qeyd edib.

Xatırladaq ki, martın 13-15-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu keçirilir. Foruma 400-ə yaxın nüfuzlu siyasətçi, Nobel mükafatı laureatı, alim və ekspert qatılıb. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunur.

Bənzər yazılar

0.10456109046936