Əli Əsədov: "Qeyri-neft ixracı 3.3 milyard dolları üstələnib"

 14-03-2025

"2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 milyard ABŞ dollarına çatıb, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olub".

MillətinSəsi.info xəbər verir ki, bunu hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib.

Onun sözlərinə görə, qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələyib:

"2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd. dollar (hazırda 73 mlrd.dollar) təşkil edib və xarici dövlət borcunu 14 dəfə üstələyir. İlin sonuna xarici dövlət borcunun məbləği 20.6% azalaraq 5.1 mlrd. dollar olub və ÜDM-in cəmi 6.9%-ni təşkil edib. Hökumət tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri, valyuta bazarında tarazlığın qorunması, məzənnə sabitliyi, makro-fiskal və monetar siyasətlə bağlı qərarlar inflyasiyaya azaldıcı təsir edib".

"Hesabat ilində illik inflyasiya hədəf diapazonu daxilində olub. Belə ki, 2024-cü ilin dekabr ayında 12 aylıq inflyasiya 4.9%, orta illik inflyasiya isə 2.2% olub. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri təxminən 37.2 mlrd. manat (102% icra), xərcləri isə 37.7 mlrd. manat (95% icra) təşkil edib. Beləliklə, dayanıqlı iqtisadi artım üçün makroiqtisadi - maliyyə sabitliyi və inflyasiyanın aşağı birrəqəmli səviyyəsi təmin edilib. Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilib. İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilib. 2024-cü ildə sənaye zonalarında 3.3 mlrd. manat dəyərində məhsul istehsal olunub, ondan 1.1 mlrd. manat həcmində məhsul ixracı edilib. Hesabat ilində institusional sahədə islahatlar davam edib, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilib", - hökumət başçısı əlavə edib.

Hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

O bildirib ki, məhz bu prinsiplər (və bu il Konstitusiyanın qəbul olunmasının 30 illiyi) nəzərə alınaraq 28 dekabr 2024-cü il tarixində dövlət başçısının imzaladığı Sərəncamla 2025-ci il Azərbaycan Respublikasında "Konstitusiya və Suverenlik İli" elan edilib:

"Dövlətimizin başçısının dediyi kimi, 2024-cü il bütövlükdə qarşıya qoyulmuş bütün məsələlərin öz həllini tapdığı, ölkənin inamla inkişaf etdiyi və beynəlxalq nüfuzunun böyük dərəcədə artdığı, iqtisadiyyatda müsbət inkişafın olduğu və hərbi gücümüzün artdığı, habelə sabitliyin hökm sürdüyü uğurla başa vurulan bir il olub.

Ötən il hökumətin hesabatı diqqətinizə təqdim edildikdən sonra ümumilikdə deputatlar tərəfindən müxtəlif məsələlər üzrə 151 müraciət daxil olub, o cümlədən 34-ü humanitar, 31-i iqtisadi, 23-ü sosial, 22-i nəqliyyat və yol infrastrukturu, 15-i tikinti, 14-ü kommunal, 5-i qanunvericilik, 4-ü təhlükəsizlik, 3-ü isə digər sahələrə aid olub. Bunlardan 57 müraciət üzrə qaldırılan məsələlər tam, 48 müraciət üzrə isə qismən icra edilmiş və yaxın zamanlarda icranın başa çatdırılması nəzərdə tutulub. Digər 46 məsələnin icrası istiqamətində işlər hazırda davam etdirilir.

Hökumət üzvlərinin adından və öz adımdan sizi əmin etmək istərdim ki, bundan sonra da bu müsbət inkişaf dinamikasının saxlanılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Hökumət böyük əzmlə və şərəflə çalışacaq", - deyə Baş nazir fikrini yekunlaşdırıb.

Milli Məclisdə hökumətin 2024-cü il üzrə hesabatını açıqlayan Baş nazir Əli Əsədov deyib ki, əsas vəzifələrdən olan ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması (özünütəminetmə səviyyəsinin yüksəldilməsi) və qiymətlərin stabil saxlanılması məqsədilə müvafiq dəstək tədbirləri həyata keçirilib.

O bildirib ki, kənd təsərrüfatı sahəsində dövlət büdcəsinin vəsaiti hesabına məhsul istehsalçılarına subsidiyaların verilməsi və digər güzəştlərin tətbiqi davam etdirilib:

"Belə ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 487.4 milyon manat vəsait ayrılıb. Təbii olaraq, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həlli, torpaq ekosisteminin mühafizəsi hökumət qarşısında duran mühüm çağırışlardan biridir. Ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadə edilməsi, fermerlərin suvarma suyu ilə təchizatı, suvarma sahələrinin genişləndirilməsi və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyə təminatı üçün 540 mln. manat məbləğində vəsait yönəldilib.

Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 453 min hektar sahədə orta hesabla 3,3 dəfə suvarılıb. Cənab Prezident tərəfindən 2024-cü il 10 oktyabr tarixində ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutan "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" sənədi imzalanıb".

Baş nazir Əli Əsədov 2024-cü ildə ölkə əhalisinin 50 faizdən çoxu icbari tibbi sığortadan yararlandığını da bildirib:

"İl ərzində dövlət tibb müəssisələrinə 5 milyon 236 min 400 nəfər şəxs 24 milyondan çox müraciət edib. Müraciətlərin 56 faizi rayonların, 44 faizi isə Bakının payına düşüb. Dövlət tibb müəssisələrinin əhaliyə göstərdiyi xidmətlərin sayı 83 656,5 min təşkil edib. Tibbi xidmətlərin 87 faizi ambulator, 13 faizi stasionar şəraitdə göstərilib.

Hesabat ilində səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması və əlçatanlığın təmin olunması məqsədilə əhalinin icbari tibbi sığortalanması və bu sahədə bir sıra dövlət proqramlarının icrası üzrə büdcədən 1 milyard 368 milyon manat vəsait ayrılıb (artım 8.2%). Hökumət tərəfindən əhalinin sağlamlığının qorunması məqsədilə qarşıdakı dövrdə tibbi xidmətlər zərfinin genişləndirilməsi nəzərdən keçirilir".

Baş nazir deyib ki, hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığın artırılması, əmək bazarının tələblərinə cavab verən peşə təhsilinin təşkili, beynəlxalq rəqabətliliyin təmin edilməsi, rəqəmsallaşma və innovasiyaların inkişafı istiqamətində tədbirlər həyata keçirilib:

"Təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsil xərclərinə 4 milyard 550 milyon manat vəsait ayrılıb (artım 10.3%). 2024-cü ildə investisiya xərcləri hesabına 57 təhsil müəssisəsində tikinti işləri aparılıb. Xüsusi vurğulamaq istərdim ki, ötən il işğaldan azad olunmuş ərazilərdə ilk ali təhsil müəssisəsi - Qarabağ Universiteti fəaliyyətə başlayıb. Xankəndi şəhərində yerləşən bu universitetdə hazırda 6 fakültə var, 27 ixtisas üzrə 1154 nəfər tələbə təhsil alır və 160 nəfər çalışır".

Milli Məclisdə hökumətin 2024-cü il üzrə hesabatını açıqlayan Baş nazir Əli Əsədov bildirib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur.

O bildirib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14.6 milyard manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib:

"2024-cü ildə orta pensiya məbləği 12% (494 manat), yaşa görə pensiya 11.3% (528 manata) artıb, yaşayış minimumu ölkə üzrə 270 manat müəyyən edilib (9.8% artım). Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olub. Dövlət başçısının davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunub. Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. Bundan sonra da hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir.

Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqət və qayğısı ilə ötən il 800 mənzil şəhid ailələri, müharibə əlillərinə və həssas təbəqədən olan digər şəxslərə verilib, habelə 93 avtomobil müharibə əlillərinə təqdim edilib. Həmçinin, hərbi qulluqçuların mənzillə təmin olunması ilə bağlı xərclər üçün 35 mln. manat vəsait ayrılıb. Əhalinin mənzilə olan tələbatının ödənilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı 100 mln. manat vəsait ayrılıb. Bununla yanaşı qəzalı binalarla bağlı problemlərin həlli, o cümlədən inventarizasiya və mənzil köçürülməsi işləri aparılıb. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 mln. manat vəsait nəzərdə tutulub. Ümumiyyətlə qeyd edim ki, 2024-cü ildə tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın məbləği ümumi investisiyanın 72.4%-ni təşkil edərək 15.5 mlrd. manat olub".

Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib ki, Azərbaycan D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv seçilib: "2024-cü il həm də müstəqillik tariximizdə növbəti əlamətdar diplomatik hadisə ilə yadda qaldı. Təbii ki, bu, beynəlxalq aləmdə ölkəmizin artan nüfuzundan xəbər verir".

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində söylədiyi kimi: 2024-cü il iqtisadi inkişaf baxımından uğurlu il olmuşdur və Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Əlbəttə ki, bütün bunların təməlində cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan düşünülmüş siyasət dayanır.

Hesabat ilində ölkədə:

- 126.3 milyard manatlıq və ya 2023-cü illə müqayisədə real ifadədə 4.1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

- 2024-cü ildə ÜDM istehsalı neft-qaz sektorunda 0.3%, qeyri neft-qaz sektorunda isə 6.2% artıb.

- qeyri neft-qaz sənayesi 7.3% artıb.

- əhalinin hər nəfərinə düşən ÜDM isə 3.6% artaraq 12.4 min manat (7.3 min ABŞ dolları) təşkil edib", - deyə baş nazir əlavə edib.

Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov onu da bildirib ki, prezident İlham Əliyevin uğurlu enerji siyasətinin nəticəsində son illərdə Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində rolu daha da güclənib.

O bildirib ki, hesabat ilində elektroenergetika sahəsində infrastrukturun modernizasiyası, enerji təhlükəsizliyinin təmin edilməsi, ölkənin enerji sisteminə yeni generasiya güclərinin daxil edilməsi, habelə yaşıl enerjinin tətbiqi istiqamətində tədbirlər davam etdirilmişdir:

"2024-cü ildə enerji istehsalı 28,4 mlrd. kVts təşkil etmiş, istehlak həcmi isə 24.2 mlrd. kVt/saata yüksəlib. Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə imzalanmış müqavilə çərçivəsində 445 MVt gücündə Biləsuvar, 315 MVt gücündə Neftçala günəş elektrik stansiyalarının və 240 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyasının 2024-cü ildə təməli qoyulub.

Digər xarici tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hər biri 240 MVt-lıq Şəfəq günəş və Xızı-Abşeron külək elektrik stansiyalarının tikintisi davam etdirilir", - hökumət başçısı deyib.

Onun sözlərinə görə, COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi yaradılıb və enerji sahəsində xarici tərəfdaşlarımızla birgə həyata keçirdiyimiz layihələr üzrə beynəlxalq sazişlər imzalanıb:

"Prezidentin tapşırığı ilə hökumət qarşısında mühüm vəzifələrdən biri də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatının ixrac coğrafiyasının genişləndirilməsidir. Hazırda bu kəmər vasitəsilə qazımızı alan ölkələrin sayı 12-ə bərabərdir".

"Hesabat ili ərzində 29.1 milyon ton neft, 50.6 milyard kubmetr qaz hasil edilmişdir. Neftin 24.4 milyon tonu, qazın isə 25.5 milyard kubmetri ixrac edilib. 2024-cü ildə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin və tranzit potensialının artırılması üçün bir çox layihələr reallaşdırılıb. 2024-cü ildə nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 33 mln. ton olub. Bu yüklərin 57%-ni tranzit yüklər təşkil edib. Şərq-Qərb istiqamətində Orta Dəhlizin əsas komponentlərindən biri olan Bakı-Tbilisi-Qars xətti 2024-cü ilin may ayında tamamlanaraq istismara verilib, xəttin illik yükaşırma həcmi 1 mln. tondan 5 mln. tona çatdırılıb. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzərində yerləşən ölkələr ilə sıx əməkdaşlıq nəticəsində dəhlizin ötürmə qabiliyyətinin artırılması istiqamətində artıq konkret işlərə başlanılıb", - Əli Əsədov vurğulayıb.

Hökumət başçısı əlavə edib ki, ötən il ölkədə avtomobil və dəmir yollarının, həmçinin yol infrastrukturun tikintisi, yenidən qurulması və bərpası davam etdirilib:

"İl ərzində ölkə üzrə 460 km, o cümlədən regionlarda 376 km respublika və yerli əhəmiyyətli avtomobil yolu tikilib və əsaslı təmir olunub, 470 km dəmir yolu xətti yenidən qurulub, 168 dəmir yolu tuneli və ya körpüsü tikilib və ya əsaslı təmir olunub".

Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov deyib ki, möhtərəm Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bütün sahələrdə bərpa-quruculuq işləri uğurla davam edir.

O bildirib ki, hesabat ilinin sonunadək işğaldan azad edilmiş ərazilərdə 10 200-dən çox keçmiş məcburi köçkün (2 615 ailə) artıq evlərlə təmin edilib və orada yaşayırlar:

"Ümumilikdə isə 30 min insan bu ərazilərdə yaşamaqla müxtəlif sahələrdə çalışırlar. Bununla yanaşı keçmiş qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin təmin edilməsi məqsədlərinə dövlət büdcəsindən 329 mln. manat vəsait yönəldilib. İşğaldan azad olunmuş ərazilərin dirçəldilməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulması prioritet təşkil edir. Ümumilikdə 2021-2024-cü illərdə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən cəmi 17.6 milyard manat vəsait ayrılıb, o cümlədən 2024-cü ildə 5 milyard 347 milyon manat, 2025-ci ildə 4 mlrd. manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.

Eyni zamanda "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində Naxçıvan ərazisində kənd təsərrüfatı məhsulları istehsalı və emalının inkişafı, elektrik enerjisi istehsalının, ticarətin və sənayenin inkişafı, infrastruktur təminatının yaxşılaşdırılması, nəqliyyat-tranzit potensialının artırılması istiqamətində layihələr həyata keçirilib. Martın 5-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Iğdır-Naxçıvan qaz kəmərinin açılışını xüsusi qeyd etmək istərdim. Mühüm əhəmiyyətə malik bu layihə Naxçıvanın enerji təhlükəsizliyini və təminatını daha da gücləndirəcək".

Milli Məclisdə hökumətin hesabatında Baş nazir Əli Əsədov onu da bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub.

O bildirib ki, bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb (2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çox). İşğaldan azad olunmuş ərazilərdə geniş minatəmizləmə işləri aparılıb

"2024-cü ildə 62 min hektar, ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə 180 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib. 2025-ci ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır. Aparılmış ikitərəfli danışıqlar nəticəsində bir sıra xarici dövlətlər Azərbaycana minatəmizləmə sahəsində maliyyə və texniki yardımlar göstərib. 

Almaniya 500 min avro (922 min AZN), Belçika 250 min avro (461 min AZN), Çin 500 min yuan (117 000 AZN), İtaliya 1.5 milyon avro (2.76 milyon AZN), BƏƏ 5 milyon ABŞ dolları (8.5 milyon AZN) məbləğində maliyyə dəstəyini elan edib.

Bununla yanaşı, Xorvatiya və ABŞ-də fəaliyyət göstərən Marşal İrsi İnstitutu tərəfindən ölkəmizə minaaxtaran itlər ianə olunub."

Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında Bakıda tıxacın aradan qaldırılması üçün həyata keçiriləcək layihələr də məlum olub.

Qeyd edilib ki, son 20 il ərzində nəqliyyatın hərəkətinin tənzimlənməsi məqsədilə Bakı şəhərində avtomobil yolları şəbəkəsinin inkişafı ilə bağlı həyata keçirilmiş tədbirlər nəticəsində şəhərdə yeni müasir avtomobil yolları, yol qurğuları, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilərək istifadəyə verilib. Hesabat ilində Bakı şəhərində xüsusilə Bakı-Sumqayıt və Bakı-Lökbatan istiqamətlərində nəqliyyat sıxlığının azaldılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Böyükşor-Pirşağı avtomobil yolunun inşası layihəsi üzrə işlər davam etdirilib və hazırda yekunlaşmaq üzrədir. Bu istiqamətdə sözügedən problemlərin həllinin Bakı şəhərinin Baş planına uyğun (yerüstü metro xətlərinin çəkilməsi, avtomobil yollarının genişləndirilməsi və alternativ avtomobil yolların tikintisi və s.) mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Sabunçu və Sulutəpə qəsəbələrini birləşdirəcək dairəvi avtomobil yolunun və Bakı Kənar Dairəvi yolu ilə Ziya Bünyadov prospektini əlaqələndirəcək dairəvi avtomobil yolunun layihə sənədlərinin hazırlanması istiqamətində işlər həyata keçirilir.

Binəqədi-Novxanı avtomobil yolunun layihələndirilməsi, Böyükşor-Pirşağı avtomobil yolunun Ziya Bünyadov prospekti ilə kəsişməsində yol qovşağının layihə smeta sənədlərinin hazırlanması (mərhələ 2), Böyükşor yolu, Ziya Bünyadov prospekti, Babək prospekti və 8 Noyabr prospektini birləşdirən yeni magistral avtomobil yolunun layihə smeta sənədlərinin hazırlanması, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində ("Nargilə" kafesinin yanı) yol ötürücüsünün layihələndirilməsi üzrə təkliflər hazırlanıb.

Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş planında qeyd olunan istiqamətlər üzrə metro xətlərinin tikintisi nəzərdə tutulmayıb.

Eyni zamanda, Bakının Baş planına əsasən, Bakı şəhərində və Abşeron yarımadasının ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması və İctimai nəqliyyatın inkişafı ilə bağlı aşağıda qeyd edilmiş bir sıra prioritet tədbirlər nəzərdə tutulub ki, həmin tədbirlərin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt və Lökbatan istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı proqnozlaşdırılır:

- paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası ilə paytaxtın yeni strateji 2-ci şimal giriş-çıxış yolunun yaradılması;

- xarici həlqəvi marşrutların tamamlanması və yarımadanın şimal-şərqi ilə M-1, M-2 və M-4 avtomobil yolları arasında birbaşa magistral yol bağlantısının yaradılması məqsədilə "Xarici dairəvi yolu-Böyükşor-Ziya Bünyadov prospekti" yeni həlqəvi marşrutunun, habelə Lökbatan-Qobu-Xırdalan-Novxanı-Fatmayı-Pirşağı kənar xarici həlqəvi yolunun və Lökbatan-Xocəsən-Binəqədi-Böyükşor-Sabunçu yeni xarici həlqəvi yolunun yaradılması;

- Bakı-Sumqayıt şosesində, Xırdalan və "20 Yanvar" dairələrində nəqliyyat sıxlığının azaldılması, Xırdalan şəhərinin alternativ giriş-çıxış yolunun yaradılması məqsədilə M-1 və M-4 avtomobil yollarını Xocəsən qəsəbəsindən keçməklə Yasamal rayonu ərazisində Kənar Dairəvi yol ilə birləşdirən paytaxtın strateji 3-cü şimal-qərb yeni giriş-çıxış yolunun yaradılması;

- Lökbatan-Xocəsən həlqəvi yolu ilə Sabunçu yol qovşağını birləşdirən xarici həlqəvi şəhər magistralının tamamlanması məqsədilə Səttar Bəhlulzadə küçəsi ilə Zığ-Hövsan şosesini birləşdirən yeni həlqəvi avtomobil yolunun, o cümlədən Bülbülə gölünün qərbindən keçməklə Sabunçu dairəsi ilə Zığ şosesini birləşdirəcək yeni həlqəvi şəhər magistralının yaradılması.

Nazirlər Kabinetinin 2024-cü il 27 may tarixli 292s nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması zamanı işlərin əlaqələndirilməsinə dair Vahid Fəaliyyət Planı"nda 2024-2028-ci illər ərazində avtomobil yollarının layihələndirilməsi, tikintisi, əsaslı təmiri və yenidən qurulması ilə bağlı ümumilikdə 541 sayda tədbir nəzərdə tutulub ki, bunlardan 271 ədədi Bakı şəhərində və Abşeron rayonu ərazisində həyata keçirilməli olan tədbirlərdir. Vahid Fəaliyyət Planında 2024-cü il ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə nəzərdə tutulmuş 146 tədbirin 26 ədədi yeni küçə-yol şəbəkəsinin, o cümlədən müxtəlif yol ötürücülərinin inşası, 120 ədədi isə mövcud küçə və yolların təmiri və yenidən qurulması ilə bağlı olub.

Sözügedən Vahid Fəaliyyət Planında (Tədbirlər Planının 8.1.3.1.4-cü yarımbəndi) 2024-2027-ci illər ərzində Bakı-Sumqayıt yeni magistral avtomobil yolunun inşası nəzərdə tutulub. Qeyd edilən tədbirin həyata keçirilməsi nəticəsində Bakı-Sumqayıt istiqamətlərində, o cümlədən Abşeron yarımadasının ərazisində nəqliyyat sahəsində çətinliklərin azalacağı gözlənilir.

Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyəti haqqında hesabatda o da qeyd olunur ki,  Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən ümumilikdə 781.8 milyon manat məbləğində məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 14.7% çoxdur.

Sənəddə qeyd olunub ki, hesabat ilində nazirliyin tabeliyində olan müəssisələr tərəfindən ixrac edilən məhsulların ümumi həcmi 565.8 mln. manat təşkil edib.

2024-cü ildə nazirliyin müəssisələrində 55 adda zirehli texnikanın, atıcı silah və digər əmlakın təmiri həyata keçirilib, 336 adda müxtəlif məmulatın utilizasiyası üzrə müqavilələr imzalanıb və tam icra olunub.

Bundan başqa, Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatında müddətli hərbi xidmətin orta təhsillilər üçün 18 aydan 12 aya, ali təhsillilər üçün 12 aydan 6 aya endirilməsi ilə bağlı təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmədiyidə əks olunub.

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan hesabata əsasən, həqiqi xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.

Müddətli həqiqi hərbi xidmətin alternativ xidmət haqqında təkliflər insanlar tərəfindən geniş müzakirə olunur və gündəmdədir.

"Lakin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq. Bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq", - hesabatda qeyd olunub.

Həmçinin. Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir ki, 2024-cü ildə Azərbaycanda 202.1 min vergi ödəyicisinin 5 milyard 537.9 milyon manat vergi borcu yaranıb, 189.5 min vergi ödəyicisinin 5 milyard 199.6 milyon manat vergi borcu ləğv edilib.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6.1% az, 12.2% çox, 10.1% az və 5.7% azdır.

Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1.3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə 561.8 min qısa mesaj göndərilib, 208.6 min telefon zəngi edilib.

Borcun dövlət büdcəsinə alınmasını təmin etmək üçün borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min ədəd qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun "İnzibati icra haqqında" qanunun 82-ci maddəsinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5.12 min qərar qəbul edilib, habelə 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsi üçün vasitələrdən biri Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçiliğı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT), TADAT metodologiyasına əsasən vergi borclarının məbləği ve hərəkət göstəricisi indikatoru, büdcə ilinin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Belə ki, metodologiyaya əsasən bu nisbət göstəricisi 20 % -dən artıq olduğu halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə təşkil olunmamış kimi qiymətləndirilir. Respublika üzrə 2024-cü ilin sonuna gözlənilən ümumi borc məbləğinin təqribən 3 milyon 120.4 min manat təşkil edəcəyi nəzərə alınmaqla həmin göstərici sözügedən metodologiyaya əsasən normadaxili göstərici kimi qəbul edilə bilər.

Eyni zamanda, 2023-cü ildə borcun məbləğində 18% artım olduğu halda, hesabat ilində həmin göstərici 12.1% təşkil edib.

Sosial sığorta haqları üzrə 1 yanvar 2024-cü ilə 150.3 min vergi ödəyicisinin 233.2 milyon manat, 1 yanvar 2025-ci ilə isə 155.2 min vergi ödəyicisinin 263.9 milyon manat borcu olub. Bu göstəricilər müvafiq olaraq İşsizlikdən sığorta haqları üzrə 5.5 milyon manat (26.9 min vergi ödəyicisi) ve 6.7 milyon manat (31.5 min vergi ödəyicisi), İcbari tibbi siğorta haqları üzrə isə 15.3 milyon manat (57.7 min vergi ödəyicisi) və 26.2 milyon manat (67.3 min vergi ödəyicisi) təşkil edib.

 

Bənzər yazılar

0.061339855194092