Nazir Emin Əmrullayev: “Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, yoxsa yox”

 15-12-2022

“Sertifikasiya imtahanları nəticəsində bir sıra islahatlar həyata keçiriləcək. Misal olaraq, bölgülər olacaq və ona uyğun da əməkhaqqı artırıla bilər. Yəni müəllim həm təhsilverən, həm də metodist kimi əməkhaqqı alacaq”.

“Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda keçirilən ictimai dinləmədə səsləndirilən suallara cavabında deyib.

“Eyni zamanda sertifikasiya yekunlaşandan sonra təhsil işçilərinin digər bacarıqlarının yoxlanılmasına fokuslanacağıq. Məqsədimiz odur ki, sertifikasiyadan keçməyən müəllim şagirdlərə dərs deməsin, amma işdən də çıxmasın

Azərbaycan məktəblərində işləyən müəllimlərdən ən yaşlısı 40 il əvvəl, ən gənci keçən il ali məktəbi bitirib. 1990-cı illərin əvvəllərindəki diplomlara baxsanız, fərqi görərsiniz”, - nazir bildirib.

Nazir bildirib ki, indi texniki olaraq kiməsə saxta diplom vermək mümkün deyil:

“Amma 1990-cı illərdə bu, mümkün idi. 1990-cı illərin orta ixtisas diplomu kağızdır. Biz o adamı çağırıb soruşuruq ki, bu diplomu sizə kim verib, necə verib. Çünki o vaxt diplomlar FİN-ə bağlı deyildi. Möhürlü diplomlar var ki, biz onların necə alındığını bilmirik. Bizim əlimizdə çoxlu başqa ölkələrdən olan külli miqdarda belə diplomlar var.

Bizim 1998-ci ildə bir qanun, 2002-ci ildə bir qanun vardı. Bu nöqteyi-nəzərdən diplomun diplom olmasını sübut etmək üçün bizim əlimizdə kifayət qədər sübut yoxdur. Bilmirik ki, adam əlindəki kağızı ali məktəbə gedib alıb, yoxsa yox.

Sertifikasiya imtahanında iştirak edən hər dörd müəllimdən üçü öz fənnindən minimal biliklərə sahibdir. İmtahandan keçən müəllimlərin 49%-nin əməkhaqlarına 10%, 27%-nin maaşına isə 35% əlavə olunub”.

Nazir bildirib ki, bununla da ibtidai sinif müəllimlərinin əməkhaqqı əlavə ilə birlikdə, təxminən, 1 000 manata yaxınlaşmaqdadır:

“Bu da xüsusilə Azərbaycan kəndlərində çalışan müəllim üçün əladır. Onu da qeyd edim ki, imtahanda iştirak edən hər dörd müəllimdən biri, yəni 24%-i minimal balı toplaya bilməyib. Yəni onlar ən sadə suallara belə, cavab verə bilməyiblər”.

Bənzər yazılar

0.23534107208252