Bir neçə həftə öncə Azərbaycan Yazıçılar Birliyinin qurultayında baş verənlər ziyalı mövqeyi ilə bağlı məsələləri yenidən aktuallaşdırdı. Sosial şəbəkələrdə ziyalılarla bağlı çoxsaylı müzakirələr oldu. Bir qisim şəxs cəmiyyətdə ziyalı mövqeyinin zəiflədiyini, digəri isə belə bir anlayışın ümumiyyətlə yoxa çıxdığını söyləyib.
Bəs görəsən, bu nə ilə əlaqəlidir? Həqiqətənmi ziyalılarımız yoxa çıxmaq üzrədir?
Mövzu ilə bağlı Milletinsesi.info-a açıqlama verən yazıçı-publisist Xeyrəddin Qoca cəmiyyətimizdə ziyalılara rast gəlmədiyini söyləyib:
“Əvvəla, mən ziyalı deyəndə Üzeyir Hacıbəyovu, Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Əbdürrəhim bəy Haqverdiyevi düşünürəm. Lakin indi onlar həyatda yoxdur. Sual olunur ki, o böyük insanları əvəz edənlər varmı? Görmürəm.
Ümumiyyətlə “ziyalı” işıqlı, yol göstərən, xalqın qabağında gedən insana deyərlər. Bizim cəmiyyətdə elə insanlar yoxdur. Ali məktəb bitirib, cibdə diplom gəzdirmək hələ ziyalılıq deyil. Çətin, qarmaqarışıq zamanlarda bir ziyalımız varmı ki, xalqın qabağına çıxıb ona yol göstərsin? Elə bir ziyalımız varmı ki, hamı ona inansın, pənah gətirsin, sığınsın və ondan məsləhət alsın? “Ziyalı” dediklərimizin çoxu özünə, ailəsinə “gün ağlamaqla” məşğuldur, orden, medal üçün dəridən-qabıqdan çıxırlar”.
X.Qoca qeyd edib ki, bizim cəmiyyətdə əsl ziyalı yetişə bilmir:
“Hər kəs bir tikə çörəyinin əlindən çıxmasından qorxur. Lakin bu, o demək deyil ki, ziyalı ağlına gələni danışmalıdır. Ziyalı sözünü deməlidir, amma qaraçılıq etməməlidir. İndi bəzi özünü ziyalı hesab edənlər populist çıxışlarla xalqın hörmətini qazanmağa can atırlar. Cəmiyyətdəki bəzi savadsızlar, cahillər belələrinə fürsət verirlər. Cəmiyyətimiz sanki savadsızlığa sürüklənir.
Televiziyalarımıza baxmaqla bu nəticəyə gəlmək mümkündür. Efirə çıxarılanların 90 faizi bayağı, yalan, boğazdan yuxarı danışırlar, sırf kimlərinsə xoşuna gəlmək üçün bunu edirlər. Mənasız, məzmunsuz danışıqlar efirləri başına götürüb. İstisnalar da var. Sosial verilişlərdə cəmiyyət içərisində heç bir hörməti olmayan, öz ailəsinə başçılıq edə bilməyənlər xalqa “dərs keçirlər”.
Bu azmış kimi, məktəblərdə şagirdlər indidən müəllimlərə rüşvət verməyi öyrənirlər. Belə cəmiyyətdə ziyalı yetişə bilərmi? Çox vaxt cəmiyyətdə ziyalıya hörmət də etmirlər. Hətta lağa da qoyurlar. Cəmiyyət və ziyalı haqqında minlərlə belə fikir söyləmək olar. Lakin heç bir xeyri yoxdur. Bu mövzu illərdir ki, aktualdır. Amma nəticəsi yoxdur”.
Yazıçı Seyran Səxavət isə ziyalı mövqeyinin zəifləmədiyini əlavə edib:
“Mənim üçün ziyalı sözü məqamında deyən, danışan adamdır. Bu yaxınlarda yazıçıların Qurultayı oldu. Orada nələr baş verdi? Adam qalmadı ki, ona söz deməsinlər. Axırımız hara gedir? Biz öz içimizdə döyüşürük. Sanki, “vətəndaş müharibəsi”dir. 20 ildir ki, bu situasiyadayıq.
Ziyalıların mövqeyi qətiyyən zəifləməyib. Problem insanlardadır. Problem özlərində olduğu üçün ziyalı mövqeyini nə görəcək, nə də hiss edəcəklər. Burada ziyalılara heç nə olmur. Məğlub olan yenə cəmiyyət olacaq”.
Nəzrin Vahid