Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus növbəti dəfə dünyada yeni pandemiyanın qaçılmaz olduğunu bəyan edib. Onun sözlərinə görə, pandemiyanın nə zaman baş verəcəyini proqnozlaşdırmaq mümkün olmasa da, bu təhlükə hələ də çox realdır.
ÜST bu yaxınlarda 15 ölkənin pandemiyaya hazırlığını yoxlamaq məqsədilə təlim keçirib və bu təlim, bütün dünyadakı dövlətlərə hazırlıq və qarşısının alınması tədbirlərini gücləndirmək üçün çağırış edir. Tedros, "Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir" - deyə vurğulayıb.
Yeni pandemiya gəlir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan tibb üzrə fəlsəfə doktoru, infeksionist Adil Qeybulla bildirib ki, pandemiya mütləq olacaq:
“Yeni pandemiya təhlükəsi hələ COVID-19 pandemiyasından əvvəl ÜST-ün insan sağlamlığını təhdid edən 10 amildən biri kimi göstərilmişdi. Bu, bizi qarşıda gözləyən qrip pandemiyasıdır.
Pandemiya mütləq olacaq. Çünki qrip daima mutasiyaya uğrayır, hər il yeni formada qarşımıza çıxır. Nə vaxtsa, bunun çox yoluxuculuq indeksi olan forması olduğu hesab edilir. Pandemiya qayıda bilər. Bu, elmi bir proqnozdur. Dünya hər zaman belə xəstəliklərə hazır olmalıdır.
Koronavirus epidemiyası göstərdi ki, dünya səhiyyə təşkilatı istənilən epidemiya ocağının vaxtında lokallaşdırılması üçün lazımi tədbirlərin görülməsinə hər zaman diqqət göstərməlidir”.
Həkim hesab edir ki, dünya ölkələri arasında koordinasiyalı sistem yaradılmalıdır:
“COVID-19 pandemiyasının qlobal pandemiyaya çevrilməsinin bir səbəbi də ölkələr arasında normal münasibətlərin və əhalinin sağlamlığının qorunması sahəsində mükəmməl assosiativ əlaqələrin olmamasıdır. Düşünürəm ki, ÜST-ün qərarları dünyanı təhdid edən situasiyalarda ölkələr üçün icbari xarakter daşımalıdır. Biz hər an yeni sürprizlərlə üzləşə bilərik",- deyə o fikrini yekunlaşdırıb.