Xüsusi Təftiş Komissiyası fəaliyyətinə icazə verilən plastik cərrahların siyahısını açıqlayıb.
“MillətinSəsi.info” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Sözügedən tibb mütəxəssisləri Xüsusi Təftiş Komissiyasının iclaslarına dəvət olunmuş və sənədləri ətraflı araşdırılıb. Əvvəlcədən xəbərdarlıq edilməklə iclasların video-audio çəkilişləri aparılıb və hər bir iclas protokollaşdırılıb. Komissiyanın ümumilikdə 11 iclası keçirilib.
Xüsusi Təftiş Komissiyasının müvafiq qərarları ilə sənədlərinin əsaslılığı təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı” tərtib olunaraq aşağıdakı linkdə yerləşdirilib:
Qeyd olunan linkdə göstərilən Siyahı 17 aprel 2025-ci il tarixinə olan məlumatları özündə əks etdirir. Tibb mütəxəssislərinin plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verən yeni hüquqi əsaslar olduğu halda sözügedən siyahı mütəmadi yenilənəcək.
Bununla yanaşı, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə “Cərrahiyyə profili üzrə digər peşə ixtisas sahibləri tərəfindən ali ixtisas tibb təhsilinin tədris proqramlarına uyğun olaraq icrasına icazə verilən plastik cərrahiyyə sahəsinə aid əməliyyatların Siyahısı” təsdiq edilib.
Sözügedən siyahı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:
İcazə verilən əməliyyatların siyahısı

Azərbaycanda plastik cərrahiyyə sahəsində fəaliyyət göstərən, lakin Xüsusi Təftiş Komissiyasının təsdiqlədiyi siyahıda adı olmayan həkimlərin taleyi ilə bağlı suallara aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında adları olmayanlar cərrahlar - Tibb Universitetində aldıqları baza təhsilinə, yaxud rezidentura təhsilinə uyğun ixtisas üzrə işləyə bilərlər.
Xüsusi Təftiş Komissiyasının qərarının özəl klinikalara göndərilib-göndərilməyəcəyi ilə bağlı məqama gəlincə isə bildirilib ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasının "Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı" barədə yaydığı məlumatdan sonra ayrı-ayrı klinikalara bildiriş göndərməyə ehtiyac yoxdur.
"Bu siyahı həm Səhiyyə Nazirliyinin rəsmi saytında, həm də ölkədə fəaliyyət göstərən media qurumları və onların sosial şəbəkə səhifələrində geniş yayılıb", - deyə qeyd edilib.