İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
MillətinSəsi.İnfo Oxu.az-a istinadən xəbər verir ki, məsələni araşdırmaq üçün yaradılmış beş nəfərdən ibarət komissiya artıq işini yekunlaşdırıb, Ləman Əliyeva işdən azad edilib.
Komissiyanın araşdırmasının nəticəsi yanvarın 15-də ictimaiyyətə açıqlanacaq.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən bilirilib ki, hospitalın 4 əməkdaşı cərimələnib.
"Faktın ətraflı araşdırılması məqsədi ilə Səhiyyə Nazirliyinin tapşırığı əsasında Analitik Ekspertiza Mərkəzi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qaninuna müvafiq olaraq 09 yanvar 2025-ci il “GERMAN HOSPİTAL” adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib.
"Keçirilən xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi faktı aşkarlanıb və bununla əlaqədar işçi heyətin 4 (dörd) məsul üzvünə inzibati xəta məcəlləsinin 215.3 maddəsi ilə İxtisaslaşdırılmış tibbi yardımın “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qaydada göstərilməməsinə görə beş yüz (500) manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, aidiyyəti üzrə Səhiyyə Nazirliyinə növbəti icraata göndərilib.
Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilkdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir.
Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - açıqlamada qeyd olunur.
Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.
Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.