Sosial şəbəkələrdə əməliyyat zamanı həkimin ad günü qeyd etməsinin əks olunduğu görüntülər yayılıb.
Kadrların Bakıda yerləşən “German Hospital”da çəkildiyi bildirilir.
Sözügedən həkim isə xəstəxananın cərrahı, mama-ginekoloq Ləman Əliyevadır. O, görüntülərlə bağlı Modern.az-a danışıb və bildirib ki, həmin şəxslər otağa daxil olarkən xəstənin tikişləri qoyulmuşdu:
“Doğum günümdə əməliyyat sona çatanda özümün də xəbərim olmadan tibb bacıları mənə sürpriz etmək istəyiblər. Orada da artıq əməliyyat sona çatmışdı, xəstənin tikişləri qoyulmuşdu. Tibb bacıları da sanitar geyimdə idilər”.
Səhiyyə Nazirliyi əməliyyat zamanı cərrahın ad gününün qeyd edilməsinə münasibət bildirib. Nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) verilən məlumata görə, faktla bağlı yoxlamalara başlanılıb. Qurumdan məsələnin ciddi araşdırılacağı bildirilib.
Açıqlamada qeyd olunub ki, yoxlamanın nəticəsi barədə ətraflı məlumat veriləcək.
"German hospital"ın direktor müavini Səftər Əliyev Oxu.az-a açıqlamasında bildirib ki, iş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva ilə bağlı qərar verilib.
"Dünən kütləvi informasiya vasitələrində məlum video yayılandan sonra dərhal müəssisə rəhbərliyi tərəfindən beş nəfərdən ibarət komissiya yaradıldı və aparılan araşdırmalardan sonra məlum oldu ki, həmin videoda görüntülənən əməkdaşlar kiçik tibb bacılarıdır. Dərhal onlar kadrlar şöbəsinə dəvət olundular, izahatları alındı, barələrində rəsmi qaydada töhmət elan olundu. Həmçinin həkim-ginekoloq Ləman Əliyeva araşdırmalar tam yekunlaşana qədər işdən kənarlaşdırıldı. Yəni, bütün bu araşdırmalar tam yekunlaşanıb qərarlar qəbul ediləndən sonra müəyyən olunacaq ki, həkimlə əməkdaşlığımız davam etdirəcəyik, yoxsa yox?" - deyə S.Əliyev bildirib.
"Bununla paralel olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bizim müəssisəyə plandankənar yoxlama açdı və bu gün biz bütün sənədləri onlara təqdim edəcəyik. Onlar bizim əməkdaşlarla görüşlər keçirdilər, profilaktiki söhbətlər apardılar, nizam-intizam qaydalarının pozulması barədə məlumat verdilər. Artıq növbəti qərarları Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qəbul edəcək", - deyə direktor müavini əlavə edib.