“Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb”.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ilkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib:
“Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur”.
Qeyd edək ki, burun əməliyyatından sonra komaya düşən 30 yaşlı Nəzrin Mansurova yanvarın 12-də vəfat edib.
N.Mansurova yanvarın 5-də də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.
Xatırladaq ki, sosial şəbəkədə burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyata girən N.Mansurovanın sonradan komaya düşdüyü barədə məlumatlar yayılıb. İddia olunur ki, onun beyninə çirk dolub.