Konsitutsitamız Azərbaycanın hüquqi, dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynayıb - Spiker

 29-12-2024

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Möhtərəm Prezidentin bu qərarı xalqımızın və dövlətimizin Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə sadiqliyini bir daha təsdiq edir.  Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul edilmiş ilk Konstitusiyamız müasir Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasında önəmli rol oynayıb. Xalqımız Konstitusiyada bəyan edilən demokratiya, ədalət və qanunun aliliyi yolu ilə gedərək cəmiyyət və dövlət həyatının bütün sahələrində heyrətamiz uğurlar qazanıb".

Ölkə.Az xəbər verir ki, bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında çıxışı zamanı deyib.

Sədr  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali  Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində və antiterror əməliyyatında ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması xalqımızın və dövlətimizin həyatında müstəsna əhəmiyyətli hadisə olub:  "Bu hadisə həm də ölkəmizin bütün ərazisində Konstitusiyamızın hüquqi qüvvəsinin bərpasını təmin  edib. 
İnamla söyləmək olar ki, “Konstitusiya və Suverenlik İli” milli dövlətçilik şüurunun daha da möhkəmlənməsinə töhfə verərək, ölkə vətəndaşlarının ümumi dəyərlər və gələcəyə birgə baxış əsasında daha sıx birləşməsinə kömək göstərəcək. 
Ölkəmiz tarixi mirasına, ötən dövrdə əldə etdiyi nailiyyətlərə əsaslanaraq  qlobal çağırışlara cavab vermək əzmini nümayiş etdirəcək. Bununla yanaşı, Azərbaycanın Konstitusiya dəyərlərinə və suverenlik prinsiplərinə bağlılığı beynəlxalq birliyin məsuliyyətli və tərəqqipərvər üzvü kimi onun nüfuzunu daha da yüksəldəcəkdir".
Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.057364940643311