Dünya liderləri AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verirlər.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Aleksandar Vuçiç, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Belarus Prezidenti Aleksandr Lukaşenko, İsrail Dövlətinin Prezidenti İsxak Hersoq, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif, Qətər Dövlətinin Əmiri şeyx Təmim bin Həməd Al Tani, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Türk Dövlətləri Təşkilatı, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov, bir sıra dövlətlərin və hökumətlərin rəsmiləri, xarici ölkələrin Xarici İşlər nazirlikləri, həmçinin Azərbaycandakı səfirlikləri, beynəlxalq təşkilatların təyyarə qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralıların tezliklə sağalmalarını diləyiblər.
Bundan başqa, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında faciəvi şəkildə qəzaya uğraması və insanların həlak olması ilə bağlı xəbər bizi dərindən sarsıtdı.
ICESCO adından və şəxsən öz adımdan Zati-alinizə, həlak olanların ailələrinə və o çətin anı yaşamış bütün insanlara dərin hüznlə başsağlığı verirəm. Kədərinizə şərikik və bu faciəvi hadisənin ağrı-acılarını Sizinlə birgə bölüşürük.
Dünyasını dəyişənlərin ruhu şad olsun. Yaralananların tezliklə sağalması üçün dua edirik. Allah həlak olanların ailələrinə və yaxınlarına səbir versin.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Jelka Tsviyanoviç Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Azərbaycan vətəndaşlarının həyatını itirməsi ilə nəticələnən faciəvi təyyarə qəzası xəbərini dərin kədərlə qarşıladım. Bu qüssəli anlarda Bosniya və Herseqovina xalqı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığı verirəm.
Həlak olanların ailələri və yaxınlarının, eləcə də bütün Azərbaycan xalqının kədərini bölüşürük. Bu faciə nəticəsində həyatını itirənlərin ruhu şad olsun, yaralananların tam sağalmasını diləyirik.
Sizə dərin ehtiramımızı və dəstəyimizi ifadə edirik".
Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Prezident İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.