Sabiq məmurlar kimə meydan oxuyur?

 26-10-2024

Azərbaycanda təəssüf ki, daha çox kampaniya təəssüratı yaradan “adda-budda” korrupsiya ilə mübarizə tədbirlərinin nəticəsi odur ki, bir çox sahələrdə bu bəla hələ də qalmaqda, hətta genişlənməkdədir. Bura rayon icra hakimiyyətləri, dövlət satınalmaları, tenderlər və digər sahələrdən tutmuş hüquq-mühafizə orqanlarına qədər bir çox strukturlar aid edilə bilər...

Ancaq hər halda, ötən illər ərzində bələdiyyə sədrlərindən, ayrı-ayrı gömrük və vergi əməkdaşlarından, icra başçılarından tutmuş nazir müavinlərinə və hətta nazirə qədər(Səlim Müslümov) korrupsiya və rüşvətə görə barəsində cinayət işi açılanlar, həbs edilənlər, əmlakı müsadirə olunanlar var.

Vaxtilə “MTN işi”, “Rabitə işi”, Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyilə bağlı və digər hay-küylü korrupsiya işləri əsasında həbs olunan sabiq məmurların böyük əksəriyyəti artıq çoxdan azadlıqdadırlar. Bu qurumlarda baş verənlərə görə birbaşa cavabdehlik daşıyanlar isə, ümumiyyətlə, məsuliyyətə cəlb olunmadı.

Ancaq maraqlıdır ki, korrupsiya cinayətləri, dövlətdən, büdcədən oğurluqları sübut olunan, lakin 10-15 il iş alsa da 3-5 il sonra azadlığa buraxılan bu adamların demək olar hamısı həmin çapıb-taladıqları dövlət ilə əmlak, mal-mülk davasına qalxır. Baxmayaraq ki, məhkəmələrin müsadirə etdikləri əmlaklar çox vaxt onların real əmlakının, var-dövlətinin, mülklərinin cüzi hissəsi olub.

Ötən gün məlum olub ki, 2015-ci ildə məhşur "Rabitə işi" çərçivəsində həbs edilən Vidadi Zeynalov( Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri), Beytulla Hüseynov ("Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sədri), Məhəmməd Məmmədov ("Aztelekom" MMC-nin baş direktoru) dövlətdən məhkəmə tərəfindən haqlı olaraq müsadirə edilmiş əmlaklarını yenə geri tələb edirlər. 

Belə ki, onların əvvəlki iddiaları ilkin məhkəmə instansiyaları tərəfindən rədd edildiyi üçün indi də Ali Məhkəməyə üz tutublar. Hər üç şəxs 2015-ci ildə "Rabitə işi" çərçivəsində korrupsiya cinayətlərində təqsirləndirilərək həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədova isə 5 il 7 ay 19 gün şərti cəza verilib. Hərəsi 3-4 il sonra məhkəmə hökmü ilə cəzadan azad ediliblər. Məhkəmənin qərarı ilə hər üç şəxsin əmlakları müsadirə edilib. İndi onların geri tələb etdikləri əmlakların dəyəri isə 10 milyonlarla dollarla hesablanır.

“MTN işi” ilə bağlı həbs edilən sabiq paqonlu cinayətkarlar da dövlətdən əmlaklarını geri istəyirlər. Həmin iş çərçivəsində həbs olunan polkovniklərdən tutmuş generallar Mövlam Şıxəliyevə və Akif Çovdarova qədər demək olar hamı müsadirə edilən əmlaklarını tələb ediblər. Təkcə Çovdarovun əmlakı 30 milyon dollardan çox qiymətləndirilir.

Bir müddət əvvəl Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı Kəmalə Əliyeva da atasının yerinə dövlətlə əmlak davasına çıxıb. O, "Baku Steel Company" MMC Müşahidə Şurasının keçmiş sədri Rasim Məmmədovun işi üzrə məhkəmədə Bakı Oksford Məktəbi binasının müsadirəsinə dair qərardan şikayət verib. Bakı Oksford Məktəbində 100 faizlik payın tən yarısının sahibi olan Mehdiyevin qızı məktəb binasının müsadirəsinə dair qərarın onun mülkiyyət hüququnu pozduğunu hesab edib və Ədliyyə Nazirliyinə qarşı iddia qaldırıb.

Dövlətə qarşı əmlak davası qaldıran sabiq məmurların siyahısını uzatdıqca uzatmaq olar, belə işlərin sayı-hesabı yoxdur.

Marqlıdır ki, təkcə azadlığa buraxılan deyil, hələ həbsdə olan sabiq məmurlar da əmlaklarını geri tələb edirlər. Məsələn, İmişlinin həbsdə olan sabbiq icra başçısı Vilyam Hacıyevin ailə üzvləri ümumilikdə 6 milyon manata yaxın dəyəri olan əmlaklarının geri qaytarılması tələbilə məhkəməyə müraciət ediblər.

Bəli, sırf hüquqi baxımdan hər bir Azərbaycan vətəndaşının məhkəməyə müraciət etmək və halal(!) haqqını geri almaq hüququ var. Ancaq məhz adını çəkdiyimiz və çəkmədiyimiz bu adamların əmlak tələbi Azərbaycandakı korrupsiyalaşmış, cinayətkar məmur tipinin həyasızlıq, abırsızlıq səviyyəsinin həddi-hüdudunun olamdığının sübutudur. Əlbəttə, Azərbaycan reallıqlarını nəzərə alsaq, bu əmlakların sonrakı taleyi, kimlərin əlinə, nəzarətinə keçdiyi barədə nəsə demək çətindir. Ancaq faktiki olaraq, onların zamanında sabiq məmurlar tərəfindən oğurluq pullarla alındığına çətin ki, şübhə ilə yanaşan tapıla.

Bəlkə də bu adamları əmlak davasına ümidləndirən, cəsarətləndirən nələrsə, kimlərsə var. Ancaq bu əmlakların geri verilməsi zatən heç də şəffaf reputasiyaya malik olmayan məhkəmələrimizin adına daha bir ləkə gətirər. Necə ki, Akif Çovdarovun əmlaklarının qaytarılması ilə bağlı məhkəmə qərarı çıxarılarkən bu baş verdi. Doğrudur, sonradan həmin qərar növbəti məhkəmə instansiyası tərəfindən ləğv olundu. Ancaq hər halda bu hadisə məhkəmə sistemimizin hansı vəziyyətdə olduğu barədə təsəvvürlərimizi bir daha “təzələmiş” oldu...

Ümumiyətlə, bu adamların əksəriyyəti ya elə həmin məhkəmələr tərəfindən vaxtından əvvəl azadlığa buraxılıblar, ya da əfv ediliblər. Belə görünür ki, onların azadlığa buraxılması həddindən artıq yumşaq, humanist, hətta bəzən səhv addım olub. Talançılığa, oğurluğa görə həbs edilən məmurun vaxtından əvvəl azadlıqda nə işi var ki, hələ dövlətlə xalqdan oğurladığı milyonlar hesabına aldığı əmlakların da davasını aparır, ona meydan oxuyur?

Elxan Qüdrətoğlu

“AzPoitika.info”

Bənzər yazılar

0.056787967681885