Dövlət Komissiyasının sədri Əli Nağıyev: "Bu günədək 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib"

 02-10-2024

Bu günədək Dövlət Komissiyası tərəfindən işğaldan azad olunmuş ərazilərdə aşkarlanmış 18 kütləvi məzarlıqdan və görülmüş digər təxirəsalınmaz tədbirlər çərçivəsində 642 itkin şəxsə aid meyit qalığı ekshumasiya edilib.

Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda beynəlxalq konfransda çıxışında deyib.

Onun sözlərinə görə, hazırkı dövrədək aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizası nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərinin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb:

“Onlardan 131-nin eyniləşdirilməsi Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb Baş idarəsinin nəzdində fəaliyyət göstərən Genetik Araşdırmalar Mərkəzi tərəfindən həyata keçirilib. Həmin Mərkəz Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırığı ilə 2022-ci ildə yaradılıb. Azərbaycan Respublikası postmüharibə dövründə Cənubi Qafqazda sülhün, mehriban qonşuluq prinsiplərinə əsaslanan birgəyaşayışın, nəqliyyat və iqtisadi əlaqələrin bərpasının tərəfdarıdır".

O bildirib ki, dünyadakı bir sıra güc mərkəzləri hazırda bölgədə gərginliyin artırılmasında, o cümlədən Ermənistanı silahlandıraraq revanşizmin və separatizmin yenidən qızışdırılmasında maraqlıdır və buna açıq dəstək verməkdən çəkinmirlər:

"Görünən budur ki, belə qüvvələri hər şeydən öncə bu bölgədə baş vermiş və hazırda dünyada davam edən silahlı münaqişələr nəticəsində həyatını itirmiş, qaçqına, məcburi köçkünə çevrilmiş və itkin düşmüş yüzminlərlə insanının acı taleyi düşündürmür".

Komissiya sədri diqqətə çatdırıb ki, eyni zamanda, biz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, bütün dövlətlərlə sosial-iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq etmək əzmindəyik. Eyni prinsiplər əsasında Azərbaycan dövləti Ermənistanla qısa vaxt ərzində sülh müqaviləsi imzalamağa hazırdır:

"Bundan ötrü rəsmi İrəvan Azərbaycana qarşı ərazi iddialarını şərtləndirən konstitusiyasında və digər milli qanunvericilik aktlarında dəyişiklik etməlidir. Bu gün bağlanan sülh müqaviləsi yenidən nə vaxtsa ərazi iddialarını irəli sürməyi tamamilə istisna etməlidir. Yalnız Azərbaycan üçün deyil, qlobal mahiyyət daşıyan itkin düşmüş şəxslər problemi aidiyyəti beynəlxalq təşkilatları və beynəlxalq siyasi dairələri ciddi düşündürməlidir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər aidiyyəti qurumlar bu məsələyə diqqət ayırmalı, zorakı itkindüşmələrin qarşısının alınması üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidirlər.

Cari il ərzində Dövlət Komissiyası tərəfindən mütəxəssislərin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntıların və monitorinqlərin nəticəsində məlum olmuşdur ki, Üçtərəfli Bəyanatın imzalanmasından 2023-cü il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatına qədər olan müddətdə separatçı rejim tərəfindən Dövlət Komissiyasına və BQXK-ya məlum olan bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib".

O bildirib ki, buna misal kimi Xocavənd rayonunun Qaradağlı kəndi, Xocalı rayonunun Dəhraz kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində Dövlət Komissiyasına məlum olan məzar yerlərini göstərmək olar:

"Məlumdur ki, bu və digər kütləvi məzarlıqlar ermənilər tərəfindən törətdikləri müharibə cinayətlərinin izlərinin itirilməsi üçün məqsədyönlü şəkildə məhv edilib. Bu faktlar beynəlxalq hüquqa, həmçinin uzun illərdir yaxınlarını gözləyən itkin ailələrinə və insanlığa qarşı hörmətsizliyin bariz nümunəsidir".

Bənzər yazılar

0.12774682044983