Baş nazir Əli Əsədov: "Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə köçürülüb"

 16-12-2024
 

"Bu günə qədər azad edilən ərazilərə 2 417 ailə, yəni 9 306 nəfər köçürülüb".

"Report.az" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov parlamentin bugünkü plenar iclasında deyib.

Əli Əsədov bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir:

"2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə ümumilikdə 22 milyard manata yaxın vəsait ayrılıb (o cümlədən 2025-ci ildə dörd milyard manat). Ölkə ərazisində qazlaşdırılma səviyyəsi 96,6%, o cümlədən Naxçıvanda 100%-dir".

Onun sözlərinə görə, bu göstəriciyə görə Azərbaycan MDB və digər qonşu ölkələri qabaqlayır: "Buna baxmayaraq, yerdə qalan 3,4% abonentlərin təbii qazla təmin olunması üçün maliyyə imkanları çərçivəsində mərhələli şəkildə işlər görüləcək".

Baş nazir bildirib ki, hazırda bu istiqamətdə hökumətin aidiyyəti qurumları yerli icra orqanları ilə müzakirələr aparırlar. O, eyni zamanda qeyd edib ki, paralel olaraq "İşğaldan azad olunmuş ərazilərdə qazlaşdırılma layihəsi" də həyata keçirilməkdədir: "Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uzunluğu 3 200 km təşkil edən 45 yol layihəsi icra edilir. Bunun 1 275 km-lik hissəsi yerli əhəmiyyətli yollardır. 2021-ci ildən bu günədək ölkə üzrə 2 700 km-dən çox avtomobil yolları yenidən qurulub və təmir olunub. Bunun da 1 430 km-lik hissəsi yerli əhəmiyyətli yollardır", - deyə o qeyd edib.

Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yaradılmış Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsinə və onların vahid prinsiplərə uyğun idarə olunmasına xidmət edəcək.

Baş nazir qeyd edib ki, hazırda Azərbaycanda 473 məktəbin əsaslı təmirə ehtiyacı var və bu, ölkədəki bütün məktəblərin 10%-ni təşkil edir: "Azərbaycan hökuməti regionların sosial-iqtisadi inkişafına dair növbəti beşillik dövlət proqramının hazırlanmasını planlaşdırır. Sənəddə sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur".

"2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən su ehtiyatlarından səmərəli istifadə, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi üçün növbəti ilin dövlət büdcəsindən 546 milyon manat ayrılacaq. Su təsərrüfatında yaranmış problemlərin həlli su resurslarının məhdudluğu şəraitində hökumət qarşısında duran ciddi vəzifələrdən biridir. Prezident oktyabrın 10-da "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nı təsdiq edib. Sənəd 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının artırılması, su itkilərinin azaldılması, su sahəsində infrastrukturun və idarəetmənin təkmilləşdirilməsi tədbirlərini nəzərdə tutur", - deyə o qeyd edib.

Xatırladaq ki, fərmana əsasən, holdinqin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı təsdiq edilib.

Bunlar, "Azərbaycan Hava Yolları", "Azərbaycan Dəmir Yolları", "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", "Bakı Metropoliteni", "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-lər, "BakuBus" və "Bakı Gəmiqayırma Zavodu" MMC-lər, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos"), nazirliyə məxsus "Aztelekom", "Azerbaijan International Telecom" (AzInTelecom)", "Azərpoçt", "Bakı Taksi Xidməti" MMC-lər, "Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi" İstehsalat Birliyi, eləcə də ilk 8 hüquqi şəxsin təsisçisi və iştirakçısı (iştirak payına uyğun) olduğu hüquqi şəxslər və müəssisələrdir.

Bənzər yazılar

0.12039589881897