Hindistanda "müqəddəs" peyin bayramı - FOTO

 21-12-2024

Hindistanlılar üçün inək müqəddəs varlıqdır. 

Ölkə.az lent.az-a istinadən bildirir ki, bu ölkənin inəkləri məbədlərin ətrafında, şəhər küçələrində, parklarda, çimərliklərdə sürü ilə arxayın gəzib dolaşırlar.

Hindli inancında inəyin müqəddəs statusu ilə bağlı bir neçə izah var. Hinduizmdə inək insanların arzusunu yerinə yetirən müqəddəs Surabhinin simvoludur. Bu inanca görə bir hindli hörmət və sevgi ilə inəyə yalvararsa, onun arzuları yerinə yetər. Hinduizmdə inəklər həm də insanlarla tanrılar arasında vasitəçilik edirlər. Kim inəyi incidərsə, ac saxlayarsa, yaxud onu qapısından qovarsa, onu gələcəkdə böyük fəlakətlər gözləyir.

Hind mifologiyasında inəklər həm də ölən adamların ruhunu  başqa dünyaya daşıyır. Qədim mətnlərdə deyilir ki, insan öldükdən sonra ruhu inəyin quyruğundan yapışır və heyvan onu zaman çayından keçirərək layiq olduğu cənnətə, yaxud cəhənnəmə aparır. Beləliklə, inəklər təkcə bu dünyanın simvolu deyil, həm də axirətin mənəvi bələdçisi kimi tanınırlar.

Hindusizmin baş tanrılarından biri olan Şiva da inək kultu ilə əlaqəlidir. Şivanın müqəddəs öküzü Nandinin heykəlləri hinduist məbədlərin bəzəyidir. Mifologiyada Nandi tanrı Şivanın nəqliyyat vasitəsi kimi təsvir edilir. Vedalara görə digər baş tanrı Vişnu da inək saxlayır. Bu inam isə Vişnunun dünya və təbiətlə əlaqəsini simvollaşdırır.
Sən demə, inəyə sitayiş hind inanclarının ən abırlı tərəfi imiş! Bu inanclardan doğan xurafat inancın özündən də  ağlasığmaz imiş. Söhbət inək peyinin müqəddəs sayılmasından gedir. Vedalarda (sanskrit dilində yazılmış qədim hind mətnlərində) deyilir ki, inəyin təkcə özü deyil, həmçinin onun ifrazatı da yer üzündə ən təmiz, pak maddədir.

Hər bir “müqəddəs” hind inəyi gündə 25 kq-a qədər peyin istehsal edir. Hindlilər inanır ki, inək peyini xəstəlikləri sağaldır və ətraf aləmi sevgi və saflıq enerjisi ilə doldurur. İnanılmaz olsa da deyim ki, hindlilər inək peyinindən təmizləyici vasitələr də hazırlayırlar. Onlar peyin tərkibli diş pastası da istehsal edirlər! Bundan başqa, peyindən sabunlar, losyonlar, kremlər də hazırlanır.
Hindlilərin bu şıdırğı peyin sevgisi ölkədə peyin bayramının, peyin festivallarının da ortaya çıxmasına səbəb olub. 

“Qorehabba” adlanan xalq mərasimi necə deyərlər, inək peyini bayramıdır. İspaniyanın “La Tomatina” festivalında adamların biri-birinə pomidor atdığı kimi “Qorehabba” festivalında şənlənən hindlilər biri-birini “peyin atəşinə” tuturlar. Peyin bayramı iştirakçıları başdan-ayağa peyinə bataraq il boyu sağlam və firavan yaşayacaqlarına qətiyyətlə inanırlar. Təsəvvür edin, bir hindli ailəsi digər ailənin evinə bayramlaşmağa yox, “peyinləşmə”yə gedir. Peyinləşmə bayramı hər il keçirilir. 

Peyin festivalı Qamutapara  əyalətində xüsusi təntənə ilə  qeyd olunur. Bu da yerli əhalinin tanrısı “Bireşvara Svami”nin inək peyinindən yaranması ilə bağlı inanca əsaslanır. Qorehabba - peyin festivalı məbədlərə “material” toplanması ilə başlayır. Çiçəklərlə bəzədilmiş traktorlar və arabalar peyin kütlələrini yerli məbədlərə daşıyır. Öncə kahin çıxış edərək xeyir-dua verir, bundan sonra peyin qalaqları təmtəraqla ortalığa gətirilir. Kişilər paltarlarını soyunaraq  “peyin döyüşü”nə başlayırlar. Onlar biri-birini səxavətlə peyinə basır, peyin topalarını biri-birinə atırlar. Böyük peyin topları çox ağır olduğuna görə onları başlarının üstündə gəzdirirlər. Qadınlar isə festivalda tamaşaçı kimi iştirak edirlər.

Məsələnin maraqlı tərəfi ondadır ki, bu əcaib bayramın şöhrəti dünyada getdikcə artır. Belə ki,  əvvəllər kütləvi peyinləşməni seyr etməyə yalnız ətraf kəndlərin və rayonların sakinləri gəlirdisə, artıq bu həngaməyə tamaşa etmək üçün Qumatapura əyalətinə uzaq şəhərlərdən və xarici ölkələrdən də turistlər gəlməkdədir. Yəqin ki, ermənilər də tezliklə öz əcdadlarının müqəddəs peyin bayramını qeyd etməyə girişəcəklər. 

Bənzər yazılar

0.063767910003662