Əvvəllər bizdə müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 30 yaşa qədər olub.
Ölkə.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Komitə sədri bildirib ki, yaş həddi müharibə şəraitində ordunun komplektləşdirilməsi istiqamətində atılan addımlarla əlaqədar 35-ə qaldırılmışdı: “Amma artıq bu gün ordunun komplektləşdirilməsində problem yoxdur. Fiziki, psixoloji hazırlıq, yetkinlik baxımından bu yaş nəzərə alınır”.
Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev isə deyib ki, hazırda hərbi xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsi bizdə müzakirə edilir.
O bildirib ki, əsas məqsəd bütün sui-istifadə hallarının qarşısının alınmasıdır: “Çağırışın ancaq elektron qaydada olması, bütün qərarların bildirilməsi nəzərdə tutulur. Bu da şəffaflığın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Ancaq hərbi xidmət müddətinin azaldılmasında başqa bir yol fikirləşirik. Burada ali təhsillilərlə orta təhsillilər fərqləndirilir. Ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Onların bərabərləşdirilməsi lazımdır. Konstitusiyada yazılıb ki, hər kəs hərbi xidmətdən keçməlidir, orada ali təhsil, orta təhsil fərqləndirilməyib. Amma biz buna hələ hazır deyilik. Bu layihə qəbul olunduqdan sonra o istiqamətdə təkliflərə baxa bilərik”.
Qeyd edək ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddi 35-dən 30-a endirilir.
Təklif olunan dəyişikliyə əsasən, çağırışçılar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq.
Xatırladaq ki, hazırkı qanunvericiliyə görə, həmin yaş həddi 18 yaşından 35 yaşınadəkdir. Layihəyə əsasən, həmçinin, Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36,5-dən 31,5-ə endirilir.
Qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun 39-cu maddəsinə müvafiq olaraq, dinc dövrdə Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının xidməti üçün son yaş həddi 36,5-dir.
Bununla bərabər, təklif edilən dəyişikliklə çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri üzrə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması, əlilliyinin müəyyən edilməsi, onların soyadının, adının, atasının adının dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında doğum tarixi və yeri haqqında dəyişikliklər edilməsi, ölümünün qeydiyyatı, habelə onlar barəsində cinayət işinin başlanılması və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü barədə məlumatı müvafiq icra hakimiyyəti orqanına təqdim etməli olan aidiyyəti orqanlar tərəfindən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunu ilə müəyyən edilmiş müddətlərdə təqdim edilməməsinə görə vəzifəli şəxslər 300 manatdan 500 manatadək (hazırda 150-250 manat) məbləğdə, hüquqi şəxslər 900 manatdan 1 100 manatadək manatadək (hazırda 300-500 manat) məbləğdə cərimə ediləcəklər.
Qeyd olunub ki, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Müzakirələrdən sonra layihə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.