Baş prokuror Kamran Əliyev: "Səfirliyimizə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir"

 01-10-2024

"İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını alması istiqamətində danışıqlar davam edir". "Report" xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, bu, prosessual məsələdir: "İndi qarşı tərəfin qərarı təsdiqləməsi gözlənilir".

Bundan başqa, Baş prokuror Kamran Əliyev deyib ki, separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə bağlı ittiham verilib. O bildirib ki, separatçıların bütün hüquqları təmin olunur, onların hər birinin bir neçə vəkili var: "Onların hər birinin iş materialları tanış olma kimi hüquqları var. Azərbaycanda həbsdə olan erməni separatçıların cinayət işləri yaxında baxılması üçün məhkəmələrə göndəriləcək. İş üzrə ibtidai istintaq tamamlanıb. Hazırda tanışolma mərhələsidir. Bu da kifayət qədər uzun vaxt tələb edir. İşdə zərərçəkmiş çoxdur. Təqsirləndirilən şəxslərin hər birinin hüquqları tanınır”, - deyə K. Əliyev əlavə edib.

Respublika prokurorunun sözlərinə görə, Beynəlxalq Prokurorlar Assosasiyasının 29-cu illik Konfransının Bakıda keçirilməsi ölkəmiz üçün əlamətdar hadisədir: "Bu konfransın gələcəkdə böyük əhəmiyyəti olacaq və hüquq elminə ciddi təkan verəcək.  Biz üç il idi bu tədbirə hazırlaşırdıq. Təbii ki, Prezidentin ciddi siyasi dəstəyi ilə belə bir tədbirin keçirilməsi real oldu. Bu, ölkəmizin prokurorluq işçiləri, hakimləri, vəkilləri və ümumilikdə hüquq ictimaiyyəti üçün mühüm konfransdır.

Burada yüzə yaxın ölkənin prokuroluqlarının nümayəndələri, həmçinin digər xarici nümayəndələr iştirak edir. Bunların içində isə 50-dən artıq ölkə baş prokuror səviyyəsində təmsil olunur. Bu qurumun tarixində ən yüksək göstəricidir ki, bu sayda iştirakçı gəlib. Bu həm də ona görə gözəl platformadır ki, burada mən öz həmkarlarımla görüşlər keçirdim. İkitərəfli memorondumlar imzalayırıq, bəzilərinin imzalanması barədə razılığa gəlmişik. Yalnız biz yox, digər ölkələrin prokurorları da öz aralarında müzakirələr aparır. Bu günə kimi yüzə yaxın belə görüş keçirilib”.

Platformada ümumi məsələlərin müzakirə olunduğunu deyən baş prokuror Prezidentin tədbir iştirakçılarına ünvanladığı müraciətinə də toxunub: “Prezidentin müraciətində qeyd olundu ki, bizi dünyada cinayətkarlıqla mübarizədə narahat edən bəzi məsələlər var. Buraya xoşagəlməz irqçilik, nifrət cinayətləri və sair daxildir”.

Baş prokuror Kamran Əliyev deyib ki, bəzi xarici ölkə prokurorları öz ailələri ilə ölkəmizə gəlib, regionlarımıza səfər ediblər:

“Biz bu günlərdə ölkəmizə olan marağı, ölkəmizin regionda sözünü deyə bilən ölkə olduğunu bir daha gördük. Azərbaycana gəlməyə böyük maraq var. Bu da həm siyasi, həm mədəni əhəmiyyətə malikdir. Bəzi prokurorlar öz ailəsi ilə ölkəmizə gəlib. Tədbirdən əvvəl bölgələrimizə səfər edənlər olub. Hazırda da ölkəmizi gəzib-görən qonaqlar var. Bu özü də çox müsbət haldır”.

Baş prokuror Kamran Əliyev bu yaxınlarda icra hakimiyyətlərində keçirilən əməliyyat tədbirləri ilə bağlı sualı cavablandırarkən deyib ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi daima korrupsiyaya qarşı məsələləri diqqətdə saxlayır: “Vətəndaşlar tərəfindən sui-istifadə və rüşvət alınması ilə bağlı hallar daxil olan kimi ciddi araşdırma aparılır. Məlumat təsdiqini tapdıqda isə tədbirlər görülür. Gələcəkdə də bu cür hallar olarsa, qanunamüvafiq tədbirlər həyata keçiriləcək”, - deyə baş prokuror əlavə edib.

Baş prokuror Kamran Əliyev  9 ay əvvəl İmişlidə itkin düşmüş 11 yaşlı Rasim Xankişiyevin axtarışı ilə bağlı danışarkən deyib ki, Rasimin tapılması ilə bağlı təəssüf ki, bu gün üçün nəticə yoxdur:

"Amma bütün aidiyyəti qurumlar bu işə cəlb edilib. Mən Rasimin ailəsini dəfələrlə qəbul etmişəm. Onların da narahatlığını başa düşürəm. İş üzrə cinayət işi başlanıb, istintaq gedir. Biz əlimizdən gələni edəcəyik ki, müsbət nəticələr olsun”, - deyə K. Əliyev bildirib.

 

 

 

Bənzər yazılar

0.10186696052551