Bakıda yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib

 26-09-2024

Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və digər ailə üzvlərinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 yaşayış massivində yerləşən çoxmərtəbəli binaları əhatə edən, 1500-dən çox sakinin yaşadığı həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Leyla ƏliyevaArzu Əliyeva və ailə üzvləri IDEA könüllüləri ilə birlikdə keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. Həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim olunub.

"Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılmış digər ərazilərdə olduğu kimi, yenidən qurulmuş növbəti həyətdə də sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun sahəsi salınıb.

Eyni zamanda, həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ ağaclar, kol bitkiləri əkilərək yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək "yaşıl sədlər" yaradılıb.

Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi 2017-ci ildən etibarən icra olunur. Layihənin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. "Bizim həyət" layihəsi çərçivəsində bu günədək 154 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin "qaynar xətt"i "1113" və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur.

Bənzər yazılar

0.056574106216431