"İnanın, Bərdə haqqında bu məlumatları çox çətinliklə əldə etdim" - FOTOLAR

 21-09-2024

Bərdə - Qarabağın ən qədim şəhəri və giriş qapısıdır. Bütün karvan yolları, ticari arteriyalar qədim Bərdədə qovuşub. Ərəblər Bərdəni "Aranın Bağdadı" adlandırıblar. Təxminən yarım əsr mərkəz statusunu qoruyub. Bu gün həmin ehtişamdan əsər-əlamət qalmayıb.

Hazırda Bərdə şəhərində beş tarixi tikili mövcudur: Tərtər çayı üzərində yerləşən qədim körpü (VI–VII əsr), Allah-Allah türbəsi (XIV əsr), Bərdə İmamzadəsi (XIX əsr), Bəhmən Mirzə Qacar türbəsi (XIX əsr) və Cümə məscidi (1905).

Müasir Bərdə şəhərinin təxminən 200 il yaşı var. Şuşanın təşkil olunması ilə Bərdə şəhərinin həyatında dirçəlmə baş verir. Zadəgan şuşalılar sərt qışı Bərdədə keçiriblər. Şəhərin mərkəzində yerləşən qədim Cümə məscidi də Hacı Pənahlılar (Pənahəli xanın nəslindən olublar) kimi tanınan şuşalı beş qardaşın vəsaiti hesabına inşa edilib. 

Şəhər Bərdə beş əsas məhəllədən ibarət olub: Daşlı məhəllə, Bazar yanı, Papaqçı İbrahim, Boyaqçılar və Misgərlər məhəlləsi. Papaqçı İbrahim məhəlləsi İbrahim adlı sənətkarın adı ilə bağlı olub. Onun əl işi bütün Qarabağda şöhrət tapıb. Xan Şuşinski başına qoyduğu Buxara papağı papaqçı İbrahimə tikdirib. Şəhərdə bir qədim hamam olub, təəssüf ki günümüzə qədər gəlib çıxmayıb. Şəhərin karvansarası, mədrəsəsi, bulaqları, qədim meydanı, bazarı haqqında isə heç nə öyrənə bilmədim. 

474267

İnanın, Bərdə şəhərinin yaxın tarixi haqqında oxuduğunuz bu məlumatları çox çətinliklə əldə etmişəm. Bərdədə yaşayan tarix müəllimi Minayə xanımla həmsöhbət olmasaydım, yeni informasiya əldə etməyim müşkül olacaqdı. Ümumiyyətlə, ölkəni gəzib dolandıqca bir həqiqətin şahidi oluram: bakılıların (söhbət Bakı kəndlərindən gedir) şifahi yaddaşı, nitqi, şəxsi tarixçələrini nəsildən-nəsilə ötürmək ənənəsi çox güclüdür. 

Bərdəlilərin qəlbən bağlı olduğu iki əsas ziyarətgah var. Onlardan biri şəhərdə yerləşən məşhur İmamzadə, digəri isə "Seyid Yusif ağa ziyarətgahı”dır. Əvvəl Canavarlı adlanan kənd yerli əhalinin müraciətindən sonra seyidin adının hörmətinə dəyişdirilərək Seyid Yusifli adlandırılıb. Seyid Yusifli kəndi Bərdə şəhərindən 8 kilometr məsafədə yerləşir. Vaxtımın azlığından Seyid Yusifliyə getmək qismət olmadı. Yeri gəlmişkən, şəhərdə İmamzadəni ziyarət edərkən bir maraqlı məlumatı öyrənmiş oldum. Belə ki, Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu və bəstəkar Fərhad Bədərbəyli Bərdə İmamzadəsində dəfn edilən Bəhmən Mirzə Qacarın nəticəsidir. Qarovulçular Fərhad müəllimi bir neçə dəfə ulu babasını ziyarət edərkən görüblər. 

Bəhmən Mirzə Qacarın Bərdə hekayəsi isə ayrıca söhbətin mövzusudur. Bərdənin Böyük Qacar və Bala Qacar kəndlərində onun nəslinin törəmələri yaşayıb. Böyük Qacar əhlinin qonağı oldum, çəkiliş etdim, çaylarından içib, təbii qaymaqlarından yedim.

Hər iki Qarabağ müharibəsində Bərdənin üzərinə ağır yük düşüb. Xüsusən Birinci Qarabağ müharibəsi nəticəsində Bərdə 50-100 min arası məcburi köçkünü qəbul etməli olub. Bərdədə əsasən Ağdam camaatı yerləşib. Müşahidə etdiyim qədər bərdəlilər mülayim, gülərüz adamlardır. Heç gözləmədiyim halda məlum oldu ki, Bərdə böyük şəhərdir, geniş küçələri, qədim çinarlarla zəngin parkları var. Havası təmiz, qidaları çox dadlıdır. Bu qədər.

Şəhriyar Səmədov

Bənzər yazılar

0.09782600402832