Əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır

 21-09-2024

Bu ilin yanvar-iyul aylar ərzində Azərbaycana xarici ölkələrdən 2 milyon 702 min dollar dəyərində 578,5 ton əridilmiş pendir idxal olunub.

Ölkə.az Yeniavaz.com-a istinadən xəbər verir ki, xaricdən idxal olunan əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,7 dollar (7,9 manat) olub.

Əridilmiş pendir ən çox Rusiyadan gətirilib. Bu ilin ilk 7 ayında Rusiyadan ölkəmizə 316,7 ton əridilmiş pendir idxal edilib. Rusiydan gətirilən əridilmiş pendirin bir kiloqramının orta gömrük dəyəri 4,2 dollar (7,1 manat) olub.

Rusiyadan sonra ən çox (89,3 ton) əridilmiş pendir Ukraynadan idxal olunub ki, bu ölkədən gətirilən pendirin də bir kiloqramının orta gömrük dəyəri 4,5 dollar (7,6 manat) olub.

Qeyd edək ki, idxal olunan əridilmiş pendirin marketlərdəki pərakəndə satış qiyməti isə 22,3 manat təşkil edib. Açıqlanan rəsmi məlumatlardan da göründyü kimi, xaricdən gətirilən əridilmiş pendir marketlərdə gömrük dəyərindən 3 dəfə baha satılır.

Onu da bildirək ki, əridilmiş pendirdən fərqli olaraq adi pendirin marketlərdəki satış qiyməti ilə gömrük dəyəri arasında daha az fərq var. Belə ki, bu ilin ilk 7 ayında xaricdən idxal olunan adi pendirin orta gömrük dəyəri 3,8 dollar (6,4 manat), marketlərdəki orta satış qiyməti isə 11,6 manat olub.

Bənzər yazılar

0.057556867599487