"Respublika Perinatal Mərkəzinin təmiri gələn ilin sonlarında yekunlaşacaq".
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, tikinti ilə bağlı layihələndirilmə işləri yekunlaşıb:
"Perinatal Mərkəzlə bağlı artıq Fövqəladə hallar Nazirliyi və digər qurumların rəyləri alınır. Gələn ilin əvvəlindən Perinatal Mərkəzdə təmir işləri başlayacaq və gələn ilin sonuna tam yekunlaşacaq".
Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzində 7 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğın baş verib. Yanğın bir otaqda 35 kv.metr sahəni əhatə edib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, hadisə ilə bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı, eləcə də vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar.
İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilirlər.