Gələn ildən Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov Torpaq Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərlə bağlı bu gün keçirilən brifinqdə deyib.
"Kənd təsərrüfat təyinatlı və neft kontrakt ərazilərdə plansız, sənədsiz tikilən evlər barəsində məsələlərin tənzimlənməsi istiqamətində yeni qanun layihəsi hazırlanır. Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçiriləcək. Torpaq təyinatlarının dəyişdirilməsi ilə bağlı prosedurlar daha şəffaf və sadə olacaq", - R. Şahbazov bildirib.
O bildirib ki, Bakı və Abşeron ərazisində kənd təsərrüfatı təyinatlı torpaqlarda və ya neft şirkəti kontrakt ərazilərdə yaşayış məqsədilə tikilmiş fərdi yaşayış evləri mövcuddur:
"Bununla əlaqədar olaraq ƏMDX-də işçi qrupu yaradılıb. Bakı Şəhər İcra Hakimiyyəti, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Ədliyyə Nazirliyi, Şəhərsalma və Arxitektura Komitəsindən olan işçi qrupu qanun layihəsinin üzərində işləyir.
Bütün qurumların plansız tikilən evlər və problemlər barədə fikirləri var. Sadəcə hüquqların qeydiyyatı məsələsi bu məsələni tam əhatə etmir. Mühafizə zolaqlarına düşən, hansı ki, hüquqları tanına bilməyəcək tikililərin aqibəti ilə bağlı məsələlərin də həmin qanun layihəsində tənzimlənməsi üzərində işlər gedir".
Onun sözlərinə görə, Torpaq Məcəlləsinə edilən dəyişikliklər aqrar sektorda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına imkan yaradacaq: "Bu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün daha geniş imkanlar açır. Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən başlanacaq".
Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə dair brifinqdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev isə deyib ki, Azərbaycanda torpaqdan təyinatdan kənar istifadə hallarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələrin məbləği daha ədalətli və təsirli olması üçün yenidən nəzərdən keçiriləcək.
O bildirib ki, burada əsas məqsəd torpaqdan düzgün istifadənin təmin edilməsi və torpaq sərvətinin qorunmasıdır:
"Bu dəyişikliklər torpaq sahələrinin qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün vacib hesab edilir. Dövlət orqanları və aidiyyəti qurumlar islahatları şəffaf və səmərəli şəkildə həyata keçirmək üçün yeni prosedurlar tətbiq edəcəklər. Cərimələr İnzibati Xətalar Məcəlləsində torpaqların təyinatdan kənar istifadəsi, mülkiyyət hüquqlarının pozulması və qanunsuz istifadəsi ilə bağlı müxtəlif bəndlərdə nəzərdə tutulur.
Mövcud protokollara əsasən tətbiq edilən cərimələr kifayət qədər azdır. Təsəvvür edin ki, bir şəxs kənd təsərrüfatı torpağını qanunsuz istifadə edərək əkin sahəsi yaradırsa, 600-700 manat cərimə ödəməklə məsuliyyətdən yayına bilir. Bu isə çox aşağı məbləğdir. Yaxın ölkələrdə torpaq milli sərvət hesab olunur və ciddi qorunur. Azərbaycan üçün də torpaq həm iqtisadi, həm də strateji sərvət sayılır".
Şöbə müdiri, həmçinin vurğulayıb ki, Azərbaycanda bir şəxsə orta hesabla 16-18 sot əkin torpağı, kənd təsərrüfatı sahələrində isə 35-40 sot torpaq sahəsi düşür ki, bu da ölkə üçün ərzaq təhlükəsizliyi baxımından vacibdir.
"Ona görə də torpaqdan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir. Torpaqların kateqoriya dəyişdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək müraciətlərə baxılması prosesi "vahid pəncərə" prinsipi əsasında elektron qaydada həyata keçiriləcək", - deyə o əlavə edib.
O qeyd edib ki, dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək:
"Dövlət qurumları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq".
İ.Həbiyev bildirib ki, torpaqların kateqoriyasının dəyişdirilməsi üçün müraciət edən şəxs öz müraciətinin statusunu elektron qaydada izləyə biləcək: "Əgər vətəndaş müraciətinə imtina alıbsa, bu imtinanın əsaslandırılmasını göstəriləcək və vətəndaş görə biləcək nə üçün müraciətinə imtina alıb. Vətəndaş bu imtinanın səbəbini gördükdən sonra o səbəbi aradan qaldıraraq yenidən müraciət edə bilər".
Onun sözlərinə görə, kateqoriya dəyişməsi ilə bağlı heç bir rüsum tələb olunmur.
Qeyd edilib ki, kənd təsərrüfatı məhsullarının emalı sənayesinin inkişafı aqrar sektorda biznes mühitinin daha da yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan, "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli Qanunun qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir və Qanunu 2025-ci il yanvarın 1-dən qüvvəyə minməklə tətbiqinə başlanılacaq.
Qanunun müəyyən etdiyi yeniliklərə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililər inşa edilə və quraşdırıla bilər. Bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizinədək hissəsində tikilə bilər. Bu halda yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna təşkil edir.
Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikinti-quraşdırma işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsini və yerli icra hakimiyyəti orqanlarını məlumatlandırılmaqla aparılacaq. Tikinti işlərinin aparılmasına dair tələblər isə müvafiq Qanunla müəyyən edilib.
Qeyd edilib ki, istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı 5 hektara və bir faizə dair məhdudiyyətlər tətbiq edilmir.
Yeniliklərdən biri də torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi məsələləridir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli Fərmanına əsasən, yay və qış otlaqları, örüş və biçənəklər istisna olmaqla, mülkiyyətçilər öz torpaqlarının məqsədli təyinatını kateqoriya daxilində dəyişmək imkanı əldə edirlər. Əkin və çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin bir-biri arasında məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri və ya icarəçiləri, həmçinin istifadəçiləri tərəfindən həyata keçirilir.
Qeyd edək ki, torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlər bilavasitə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ediləcək. Bu müraciətlərə baxılması prosesi "vahid pəncərə" prinsipi əsasında elektron qaydada həyata keçiriləcək. Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.
Dövlət orqanları tərəfindən torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı müraciətlərə rəy verilməsi prosesi Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə həyata keçiriləcək. Bu halda, aidiyyəti dövlət orqanları 10 iş günü müddətində rəylərini elektron qaydada bildirməlidirlər. Göstərilən müddətdə rəylər təqdim edilmədikdə, torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi aidiyyəti dövlət orqanı ilə razılaşdırılmış hesab olunacaq.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.
Beləliklə, bu Fərmanla torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və məqsədli təyinatının dəyişdirilməsinin daha təkmil, sadə və elektron şəkildə həyata keçirilən proseduru müəyyən edilib. Bu prosedur vətəndaşlara daha rahat və şəffaf xidmət göstərilməsinə imkan yaradacaqdır.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Qeyd edək ki, Azərbaycanda sənədsiz evlərlər bağlı ən böyük problemlərdən biri həmin evlərin kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşməsidir.