“Müstəntiq ərim başıma silah dirəmişdi” deyən qadın cəzalandırıldı

 20-09-2024

Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynovun həyat yoldaşına şiddət göstərməsi və başına silah dirəyərək videoya çəkməsi ilə bağlı iddialar ötən ilin mart ayında səs-küyə səbəb olmuşdu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ceyhun Hüseynovun keçmiş həyat yoldaşı Nərgiz Hüseynova barəsində Qaradağ Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb. O, Nərgizin Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsi üzrə cəzalandırılmasını tələb edib.

C.Hüseynov iddiasında bildirib ki, Nərgiz Hüseynova sosial media səhifələrinə müsahibə verərək barəsində həqiqətə uyğun olmayan şeylər danışıb: “Nərgiz verdiyi müsahibədə “Ceyhun Hüseynov 21 fevral 2023-cü il tarixində axşam saat 10-11 radələrində arası evə gəlib dövlətin ona verdiyi silahı başıma dayayaraq dostu Mübariz videoya çəkərək zorla mənə dedirtdi ki, de ki mən sənə xəyanət eləmişəm”, “sonra ayaqlarımı bağladı, əlimi bağladı mən xahiş elədikdən sonra əlimi ayağımı açdı və bu arada üstümə bıçaq çəkdi” məzmununda ifadələr işlədib. Nərgiz Hüseynova həmin müsahibəsində mənim ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb öldürməklə hədələdiyimi söyləyib. Qeyd olunan müsahibədə odlu silahdan istifadə edərək onu qəsdən öldürməyə cəhd etməyi barədə yalan və böhtan xarakterli məlumatlar yayıb. Barəmdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan xarakterli məlumatları kütləvi informasiya vasitələrində yaymaqla şərəf və ləyaqətimi alçaldaraq barəmdə böhtan xarakterli məlumatlar verib”.

Təqsirləndirilən şəxs isə Ceyhun Hüseynovun dediklərini inkar edib və müsahibəsindəki fikirlərin hamısının reallıqda baş verdiyini deyib: “Mən irəli sürülmüş ittihamla razı deyiləm. Belə ki, 21 fevral 2023-cü il tarixdə keçmiş həyat yoldaşım Ceyhun evə gələrək məni xəyanətdə ittiham etdi və uşaqlardan imtina etməyimlə bağlı məktub yazmağımı bildirdi. Lakin Ceyhuna ona xəyanət etmədiyimi bildirdim. Bundan sonra Ceyhun müxtəlif zorakı hərəkətlər edib, əlimi-qolumu bağlayıb və əlində olan silahı başıma dayayaraq dediklərini etməm məni öldürəcəyini bildirib. Mən də bu hallara bağlı patrul.az saytına müsahibə vermişəm. Düşünürəm ki, hərəkətlərimdə cinayət tərkibi yoxdur. Belə ki, patrul.az saytına verdiyi müsahibədə qeyd etdiyim halların hamısı baş verib”.

Məhkəmədə sənəd və sübutların araşdırılması zamanı məlum olub ki, qadının verdiyi müsahibəinin böyük hissəsi həqiqətə uyğun olmayıb. Belə ki, onun patrul.az saytına verilmiş müsahibədə qeyd etdiyi hallar, yəni, başına silah dayılması və qanunsuz azadlıqdan məhrum edilməsi ilə bağlı faktlar Baş Prokurorluq tərəfindən aparılmış araşdırmada öz təsdiqini tapmayıb.

Qaradağ Rayon Məhkəməsi N.Hüseynovanı Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilib. Ona 1000 manat cərimə cəzası təyin edilib.

Qeyd edək ki, N.Hüseynovanın müraciəti ictimailəşəndən sonra geniş müzakirələrə səbəb olmuşdu. Daha sonra C.Hüseynov vəzifədən azad edilərək prokurorluq sıralarından xaric edilmişdi.

 

 
 
 

Bənzər yazılar

0.10108089447021