"Best-Tarım"ın satış müdirinə 6 il həbs cəzası - 147 min manatı mənimsəyib

 10-12-2024

"Best-Tarım" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda pulunu mənimsəyən Sabirabad rayonu üzrə satış müdiri Anar Babaşova hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1984-cü il təvəllüdlü Anar Babaşova Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi açılıb və məhkəmədə baxılıb. 

Anar Babaşov 2008-ci ildən "Best-Tarım" QSC-nın Sabirabad rayonu üzrə satış müdiri olub və Sabirabad, İmişli, Saatlı, Hacıqabul, Neftçala, Salyan rayonları, Şirvan şəhəri və Ələt qəsəbəsi üzrə fəaliyyət göstərən ticarət subyektlərinə çay, kofe, duzlu fıstıq, şokolad kremi və düyü məhsullarının satışını həyata keçirib. 

Məlum olub ki, Anar Babaşov Sabirabadda fərdi sahibkar Məmməd Mənsimova məxsus "Əmin marketlər" şəbəkəsi, "Ekspress", "Elman" market və digər mağazalarına nağd qaydada satdığı malların pulunu alaraq şəxsi ehtiyaclara xərcləyib. O, təkcə "Əmin marketlər" şəbəkəsindən nağd qaydada 46485,83 manat pul alıb. 

Təqsirləndirilən şəxs mağazalardan ödəniş alarkən hər hansı sənəd tərtib etməyib, nə mağaza sahibi, nə də o, hər hansı sənədə qol çəkməyib. Ümumilikdə təqsirləndirilən şəxs şirkətə məxsus 147.234,01 manat pul vəsaitini cəmiyyətin xəzinəsinə təhvil verməyərək, şəxsi ehtiyaclarına sərf edib. 

Məhkəmənin qərarı ilə Anar Babaşov Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Bənzər yazılar

0.11243581771851