“Bəlkə Prezident Nazirlər Kabinetinin təkliflərini geri qaytarıb?!”
Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Sərəncamının 2.2-ci bəndi hələ də yerinə yetirilməyib. Həmin sənəddə Nazirlər Kabinetinə sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı təklifləri üç ay ərzində Prezidentə təqdim etmək tapşırılmışdı. Bu müddətdən artıq ay yarım keçsə də, konkret nəticə yoxdur.
Nazirlər Kabinetindən “AzPolitika”ya bildirilib ki, aidiyyəti təkliflər artıq Prezident Administrasiyasına təqdim olunub.
Ekspertlər bildirirlər ki, dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması Azərbaycanın dövlət büdcəsinin icrasında çətinliklər yarada bilər. Belə ki, 2025-ci ilin icmal büdcəsində neftin bir barrel üçün qiyməti 70 dollar nəzərdə tutulsa da, hazırda Azərbaycan nefti 64 dollara satılır. OPEC+ ölkələrinin hasilatı artıracağı təqdirdə bu qiymət daha da aşağı düşə bilər. Xatırladaq ki, 2025-ci ilin büdcəsində 15 milyard manatadək vəsait Neft Fondundan transfert yolu ilə təmin olunacaq.
Neftin qiymətinin düşməsi səbəbilə dövlət büdcəsinə yenidən baxılacağı və bu məsələnin də həmin çərçivədə həll ediləcəyi ehtimalına gəlincə, komitə sədri bildirib ki, bu artıq hökumətin səlahiyyətində olan məsələdir: “Biz bu barədə heç nə deyə bilmərik. Hansı qərar veriləcəksə, birlikdə görəcəyik”.
İqtisadçı Natiq Cəfərli isə “AzPolitika”ya açıqlamasında bildirib ki, Nazirlər Kabineti təkliflərini hazırlayıb və yaxın vaxtlarda artımlarla bağlı müzakirələrin başlanacağı gözlənilir: “Çox güman ki, may ayının sonunda və ya iyun ayının əvvəlində Milli Məclisin iclasında büdcəyə əlavələr və dəyişikliklər müzakirə ediləcək. Həmin iclasda artımlarla bağlı təkliflərə də baxıla bilər. Lakin bunun üçün büdcə xərclərinin artırılması tələb olunur. Mənim ehtimalıma görə, yaxın 2–3 həftə ərzində bu barədə qərar veriləcək”.