Bəzi uşaq evlərində baxıcı çatışmazlığı yaşanır - SƏBƏB

 20-09-2024

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Bakıda bəzi uşaq evlərində baxıcı çatışmazlığı var. Belə ki, müəyyən xəstəliklər səbəbindən xəstəxanaya yerləşdirilən azyaşlılara həmin müəssisədən baxıcı təyin edilmir, onlara daimi nəzarət olunmur. Belə olduğu halda qayğıya möhtac uşaqlara tibb bacıları nəzarət etmək məcburiyyətində qalır.

Mövzu ilə bağlı N.Nərimanov adına 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasının Ümumi Yoluxucu şöbəsinin müdiri Şücaət Məmmədova “Report”a açıqlamasında bildirib ki, bəzi uşaq evlərində işçi sayı xəstəxanada uşaqların yanında qalmaq üçün yetərli deyil:

“Bizim xəstəxanaya yoluxucu xəstəliklər səbəbindən (qızılca, su çiçəyi, göy öskürək, quduzluq və s.) uşaq evi və internat məktəblərindən körpə və azyaşlılar gətirilir. Onlar digər uşaqların yanına qayıdacaqlarına görə klinik göstəriciləri tam normal olana qədər xəstəxanada qalırlar. Bu da bir həftə - on gün vaxt tələb edir. Hazırda xəstəxanada 14 uşaq yatır ki, hamısının anası yanındadır. Amma uşaq evlərindən gələn körpə və azyaşlıların bütün analıq qayğısını işçilərimiz üzərinə götürürlər”.

Şöbə müdiri bəzi sığınacaqlardan müntəzəm olaraq gəlib uşaqlara baş çəkildiyini, hətta lazımlı əşyalar və ərzaqlar gətirildiyini bildirib.

“12 yaşdan yuxarı uşaqların yanında valideynlərinin qalmağına icazə yoxdur. Lakin azyaşlıların yanında mütləq kimsə qalmalıdır. Çünki onların xüsusi qayğıya ehtiyacı var. Uşaq evindən gələn uşaqlar isə daha həssas və diqqətə möhtac olduqlarına görə xəstəxana baxıcıları bəzən onlara yetməyə bilir”, - deyə o əlavə edib.

1 nömrəli Körpələr evindən verilən açıqlamada məlum oldu ki, işçi çatışmazlığı yaşandığı üçün xəstəxanaya azyaşlıların yanında baxıcı göndərilmir.

“Bizim Səhiyyə Nazirliyi ilə əməkdaşlığımız var. Məsələ ilə bağlı ora müraciət olunub. Lakin işçi qrafiklə bölünür və işləyir. Eləcə də uşaq sayına görə ştat ayrılır. Belə olduğu halda baxıcı çatışmazlığı yaşanır”, - məlumatda vurğulanıb.

Ailə Qadın və Uşaq Problemləri üzrə Komitənin nümayəndəsi Elgün Səfərovun sözlərinə görə, uşaqların səhiyyə xidmətlərinin təmin edilməsi ilə bağlı əməkdaşların, texniki və tibbi personalın sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir:

"Uşaq hüquqları haqqında" BMT Konvensiyasına əsasən, uşaqların sağlamlıq və təhsil hüquqlarının təmin edilməsi dövlətin öhdəliyindədir. Uşaqların səhiyyə xidmətlərinin təmin edilməsi ilə bağlı əməkdaşların, texniki və tibbi personalın sayı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşdirilir və Səhiyyə Nazirliyinin daxili qaydalarına əsasən addımlar atılır”.

Sosioloq Lalə Mehralı isə təklif edir ki, həmin müəssisələrdə uşaq kimin nəzarətindədirsə, onunla birgə xəstəxanaya göndərilməlidir:

“Elə ölkə var ki, kimsəsizlər üçün xəstəxananın ayrıca sosial xidmət personalı var. Bizdə isə nə uşaq evinin personalı kifayət edir, nə də xəstəxana uşaq baxıcısı ayırır. Təklif edirəm ki, uşaq evində azyaşlı kimin nəzarətindədirsə, xəstəxanaya onunla birgə göndərilsin. Çünki qayğıya möhtac uşaqlar tanımadığı müəssisədə və insanların ətrafında qorxa bilərlər. Doğma birini yanında görmək ona yaxşı hiss etdirəcək”.

Sosioloq kimsəsiz uşaqlara diqqətin artırılması üçün xəstəxanalarda ayrıca işçi ştatının yaradılmasının zəruri olduğunu vurğulayıb:

“Tibb müəssisələrində ümumi xəstə baxıcısı olsa da, onlar hamıya baxırlar. Azyaşlı və körpə uşaqlar isə daimi qayğı istəyir. Ümumi baxıcı həmin tələbləri ödəyə bilməz. Şərtdir ki, bu iş üçün ayrıca ştat ayrılsın”.

 

Bənzər yazılar

0.05767297744751