Ağadadaş Ağayevlə mühafizəçi cinayət məsuliyyətinə cəlb olunublar

 25-07-2024

Binəqədi rayonunda baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb. Münaqişə tərəfləri - Xalq artisti Ağadadaş Ağayev və "MedEra" hospitalının mühafizəçisi Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb olunublar.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ağadadaş Ağayev və Nurəddin Cəlilov təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Lakin həbs və ya ev dustaqlığı qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə təqdimat verilməyib.

İstintaq orqanının qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, iyulun 22-də paytaxtın Binəqədi rayonunda yerləşən özəl tibb müəssisəsinin ("MedEra" hospitalı) gözətçisi N.Cəlilovla Ağadadaş Ağayev arasında insident baş verib.

İnsidentin videogörüntülərindən aydın olur ki, Xalq artisti Ağadadaş Ağayev gözətçi N.Cəlilova balta atır, daha sonra onlar əlbəyaxa dava edirlər. Rəsmi məlumata görə, müğənninin atdığı balta başqa bir qadına xəsarət yetirib.

Xatırladaq ki, mediada dərc olunan xəbərlərə görə, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü “dərman işi” ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur. Bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital” klinikasına direktor müavini təyin olunur. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, ancaq əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.

Bənzər yazılar

0.1148579120636