Qazidən "şirinlik" istəyən həkim işdən çıxarıldı

 29-06-2024

Bir müddət əvvəl sosial şəbəkələrdə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb edən həkim barədə videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı həkimdən izahat alındığı və araşdırmanın davam etdiyi deyilmişdi. Sözügedən faktla bağlı aparılan araşdırma yekunlaşıb.

TƏBİB-dən bildirilib ki, bir müddət öncə sosial mediada yayılan görüntülərdə əks olunan hadisə ilə bağlı qurum tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

Araşdırmanın yekun nəticələrinə əsasən Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Sevinc Malik qızı Məmmədovanın əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

Xatırladaq ki, 19.06.2024-cü il tarixində saat 11:05-də 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib və Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.

Bundan sonra S.Məmmədova körpənin atası, Vətən müharibəsi qazisindən "şirinlik" tələb edib.

Videoda tibb bacısı ana olan xanımı və yoldaşını otağa dəvət edərək onlara "gözaydınlığı" verib. Məlumata görə, doğulan körpənin atası qazidir və tibb bacısı qazidən "şirinlik" (rüşvət) tələb edib:
 
"Qızın atası, bilirsən ki, atalar qızını, qızlar da atasını çox istəyirlər. Təbrik edirik sizi, 2 kq 400 q çəkidə qızınız olub. Hər ikisi yaxşı vəziyyətdədir, narahat olmayın. İndi sizi də görək. Görək atası qızını nə ilə qarşılayır".
 
Qazi ona 150 manat pul verir və şirinliyin qədərinin önəmli olmadığını vurğulayır. Qazi müəssisənin dövlət xəstəxanası olduğunu xatırlatsa da, tibb bacısı rüşvətin qədərinin mühüm olduğunu deyir:
 
"Bu, birinci doğuş üçün çox azdır. Bu pulu çox bilirsənsə, götür, get, səninlə mübahisə edə bilmərəm, yorğunam".
 
Qazi Qarabağda döyüşdüyünü, böyrəyinin fəaliyyətinin pozulduğunu, sağlamlığını döyüşlərdə fəda etdiyini dedikdə isə tibb bacısının ona verdiyi cavab insanlarda qıcıq yaradıb:
 
"Nə olsun ki, bura dövlət müəssisəsidir? Qarabağda döyüşmüsən, lap yaxşı. Kişisiniz, getməlisiniz də, mənim də yoldaşım gedib. Mənim üçün yox, öz anan, bacın üçün döyüşmüsən".
 

Bənzər yazılar

0.092797994613647