Quzu əti bahalaşacaq?

 24-04-2024

Xəbər verdiyimiz kimi xırdabuynuzlu heyvanların Gürcüstandan Azərbaycana idxalına, habelə Azərbaycan ərazisindən keçməklə tranzit daşınmasına Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, AQTA Gürcüstanın Aşağı Kartli regionunda xırdabuynuzlu heyvanların taunu xəstəliyinin qeydə alınmasını nəzərə alaraq, Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xəstəliyə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinqlər keçirib. Monitorinqin nəticələrinə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bəs bu məhdudiyyət bazarda quzu ətinin qiymətinin qalxmasına təkan verməyəcək ki?

Suala iqtiasadçı ekspert Fuad İbrahimov aydınlıq gətirdi. O, Bizim.Media-ya açıqlamasında bildirdi ki, Gürcüstandan ölkəmizə xırdabuynuzlu heyvanların gətirilməsinə tətbiq edilən müvəqqəti qadağa quzu ətinin bahalaşmasına səbəb olmayacaq:

“Bu ehtimal çox azdır. Çünki, ölkəmizə xırda buynuzlu heyvanlar əsasən Dağıstandan gətirilir. Gürcüstandansa daha çox iri buynuzlu heyvan idxal edilir. Üstəlik, Gürcüstandan gətirilən xırda buynuzlu heyvanlar əsasən ixrac üçündür. Çünki Gürcüstandan gətirilən quzu və qoyun ətinə tələbat ölkəmizdə o qədər də yüksək deyil. 

Bu ölkədən gətirilən davarların ətindən məhdud coğrafiyada istifadə edilir. Bu gün istehlak bazarında yerli quzu ətinə tələbat daha böyükdür. Toy şənliklərində bir qayda olaraq yerli quzuların ətindən istifadə edilir. Ona görə də Gürcüstandan gətirilən davarlara tətbiq edilən müvəqqəti qadağa bazardakı qiymətlərə elə də ciddi təsir etməyəcək”.

Bu mövzuyla bağlı iqitisadçı ekspert Xalid Kərimli "AzPolitika.info"-ya şərhində bildirib ki, sözügedən qiymət artımının səbəbi ilə bağlı söylənən fikirlər doğrudur: "Mən də hesab edirəm ki, bu, epizodik qiymət artımıdır. Bir həftəlik Yeni il tətili ərəfəsində insanların ətə olan təlabatı artıb. Bu zaman quzu ətinin qiymətinin artması normaldır. Bir qədər sonra qiymətlərin əvvəlki həddə enəcəyi gözlənilir. Hətta son günlər biz artıq qiymətlərin aşağı endiyini müşahidə edirik".

Ekspert ətin qiymətinin son illər bahalaşdığını bildirir. X. Kərimlinin sözlərinə görə, qiymət artımına təsir edən bir neçə səbəb var:

"Birincisi, son dövrlər heyvan yemlərinin qiymətinin bahalaşdığını görürük.

İkincisi, burada tələb və təklif məsələsinə də diqqət yetirmək vacibdir. Yəni ət istehsalı azalır, bir tərəfdən də əhalinin sayı və təbii olaraq təlabatı artır.

Üçüncüsü, heyvanların örüş sahələrinin, həmçinin kiçik ailə təsərrüfatlarının sayı getdikcə azalır. Ümumilikdə şəhərləşmə prosesi baş verir və daha çox bağçılıq, əkinçilik inkişaf etdirilir. Bu gün demək olar ki, heyvanlar üçün örüş sahəsi qalmayıb. Bütün bunlar sonda ətin qiymətinin bahalaşmasına gətirib çıxarır".

İqtisadçı qeyd edir ki, işğaldan azad edilən ərazilərdə otlaq sahələrinin geniş olması burada heyvandarlığın inkişafı üçün imkanları artırır. Lakin ekspert həmin ərazilərdə hələlik heyvandarlıqla məşğul olmaq üçün şərait olmadığını, həmçinin 30 ildir Bakıda yaşayan insanların ənənəvi vərdişlərini itirdiyini, buna görə də, ölkədə heyvanların sayının qısa zaman ərzində artacağına inanmadığını deyir.

X. Kərimli orta və uzunmüddətli dövrdə xırda və iribuynuzlu heyvandarlıqla məşğul olan şəxslərin sayının artmayacağı təqdirdə bu bahalaşmanın davam edəcəyini bildirir.

 

Bənzər yazılar

0.19240117073059