Apteklərdə ÖZBAŞINALIQ Geyim və ərzaq kimi dərmanlara da endirim OLUNUR

 20-04-2024

Geyim, kitab və digər məhsullar satılan mağazalarda, həmçinin marketlərdə müəyyən vaxtlarda endirim elan olunur. Artıq bəzi apteklərdə də dərmanın endirimlə təklif olunması halına rast gəlinir. Ölkəmizdə isə dərmanların bütün apteklərdə eyni, vahid qiymətə satılması haqqında qərar var.

Maraqlıdır, endirim nəyə əsaslanır?

İqtisadçı Pərviz Heydərov Bizim.Media-ya bildirib ki, dərman endirimli qiymətlə təklif olunması müsbət hal deyil:

“Qiymətin endirimlə təqdim olunması özü həmin dərmanın əvvəlki qiymətinin reallıqdan çox-çox uzaq olmasının göstəricisidir. Həm də ən dəhşətli fakt dərmanın keyfiyyət göstəricisi, köhnəlməsi ilə əlaqədar ola bilər. İstər dərman, istər digər məhsul olsun endirim söhbəti həmin məhsulun real qiymətinin, əvvəldə təyin olunan mövcud qiymətinin real dəyərindən uzaq olmasını göstərir. Ümumiyyətlə, dərman satışı, tibbi ləvazimatlar haqqında ciddi qiymət endirimi mənfi haldır”.

Ekspert dərmanların bütün apteklərdə eyni qiymətə satılmasının tərəfdarı deyil:

“Azərbaycana dərmanların 90 faizi idxal olunur, kənardan gətirilir. Dərman satışı sahəsində bütün apteklər üzrə vahid qiymətin olması anlayışı səhvdir. Bizdə dərman biznesi və idxalı ilə məşğul olan şirkətlərin sayı azdır. Tutaq ki, bütün apteklərdə eyni adda dərman eyni qiymətə olsun. Bu hansı məntiqə uyğun gəlir?!”

İqtisadçı dərmanların qiymətinin ucuz olmamasına da toxunub:

“Qiymət məhsulun real dəyərini ifadə etmir. İstər dərman, istərsə də digər məhsulların qiyməti real dəyərindən çox yüksək olur. Əlbəttə ki, kirayə, gömrük rüsumu, gətirilmə xərcləri var. Amma bu sahədə rəqabət olsa, tutaq ki, bir adda dərmanın ölkəyə gətirilməsi ilə çox sayda şirkət məşğul olsa, bir çox apteklərdə qiymət real dəyərinə uyğun olacaq. 

Azərbaycan hökuməti əczaçılıq sahəsində bir çox şirkətlərlə müqavilələr bağlayıb, müəyyən dərmanların istehsalı ölkəmizdə həyata keçiriləcək. Bu, çox müsbət haldır. Dərman biznesi ilə məşğul olanların özlərinin uydurma qiymətləri tendensiyasını aradan götürəcək. Müəyyən mənada dərmanların qiymətinə təsir edəcək”.

 

Bənzər yazılar

0.15131688117981