Ölkəmizdə ədalət mühakiməsinin həyata keçirilməsində şəffaflığın, insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi məqsədilə atılan mütərəqqi addımlardan biri də "Elektron məhkəmə" informasiya sisteminin yaradılması olub.
Məhkəməyə əlçatanlığı təmin etmək, müraciət imkanlarını sürətləndirmək və genişləndirmək məqsədilə bu sistemin fəaliyyəti ilə bağlı ötən dövr ərzində mühüm işlər görülüb. Lakin "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyətində müəyyən çatışmazlıqların da olduğu bildirilir. Xüsusən də vəkillərin bu sistemin fəaliyyəti ilə bağlı tez-tez narazılıqlarının şahidi oluruq.
E-huquq.az vəkillərin "Elektron məhkəmə" informasiya sisteminin fəaliyyəti ilə bağlı fikirlərini və sistemin təkmilləşməsi istiqamətində təkliflərini öyrənib:
Anar Ramazanov deyib ki, "Elektron məhkəmə" sistemi ilə bağlı son illərdə görülən işlər təqdirəlayiqdir: "Belə ki, bu sistem vasitəsilə biz Azərbaycanın ən ucqar rayonlarının məhkəmələrinə belə iddia ərizələrini, digər vəkil müraciətlərini operativ şəkildə göndərə bilirik. Mülki məhkəmə icraatı ilə bağlı prosesləri məsafədən izləyə bilir, yerində öz rəy və mülahizələrimizi sistemə daxil edə bilirik. Hətta üzrlü səbəb olduqda prosesin təxirə salınması ilə bağlı məhkəməni məlumatlandırmaq olur".
O, sadalanan üstünlüklərlə yanaşı, "Elektron məhkəmə" sisteminin fəaliyyəti ilə bağlı nöqsanlar və çatışmazlıqların da mövcud olduğunu bildirib:
"Sistemdə bu gün ən böyük çatışmazlıq mülki və cinayət işləri üzrə bir sıra sənədlərin və sübutların lazımi qaydada əlavə edilə bilməməsi ilə bağlıdır. Məsələn, düşünürəm ki, mülki işlərlə bağlı iddia ərizəsi verərkən 10 meqabaytlıq məhdudiyyət aradan qaldırılmalıdır. Çünki bir sıra iddialar olur ki, əlavə olunan sənədlərin həcmi 10 meqabaytdan artıq olduğuna görə biz həmin iş üzrə sənədləri bir neçə dəfəyə məhkəməyə təqdim etməli oluruq. Lazımi sənədləri bir müraciətdə təqdim etmək olmur.
Başqa bir çatışmazlıq isə audio və videofaylların "Elektron məhkəmə" sistemi vasitəsilə təqdim edilməsinin texniki baxımdan mümkün olmamasıdır. Bundan başqa, audio-video çəkilişi aparılan məhkəmə proseslərinin sistemə yüklənməməsi də çatışmazlıqlardan biridir. Bundan başqa, bu gün təəssüf ki, inzibati xətalarla bağlı işləri "Elektron məhkəmə" sistemi vasitəsilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim etməli oluruq. Vəkil kimi məni narahat edən digər bir məsələ isə Gəncə şəhərinin inzibati ərazi bölgüsündə dəyişiklik edilməsi ilə əlaqədar Nizami və Kəpəz rayon məhkəmələrinin ləğv olunmasından sonra həmin məhkəmələrdə olan işlər üzrə elektron ərizə, qətnamə və s. hazırda sistemdə görünməməsidir.
A.Ramazanovun fikrincə, "Elektron məhkəmə" sistemi qanunvericiliyə edilən dəyişikliklərə operativ cavab vermir: "Məsələn, 2023-cü ilin sonunda "Mediasiya haqqında" qanuna dəyişiklik olunub, "Arbitraj haqqında" yeni qanun qüvvəyə minib və kommersiya mübahisələri mediasiyanın tətbiqi dairəsindən çıxarılıb. Buna baxmayaq, bu gün kommersiya iddiaları verəndə sistem bizdən mediasiya ilə bağlı sənəd tələb edir. Sənəd əlavə olunmadıqda isə sistem iddia ərizəsini icraata götürmür".
Vəkil hesab edir ki, cinayət işi üzrə bütün materiallar aidiyyəti üzrə vəkilin kabinetinə yerləşdirilməlidir: "Demək olar ki, cinayət işlərində yalnız ittiham aktı elektron sistemə yerləşdirilir. Düşünrəm ki, bütün cinayət işi materialları aidiyyəti vəkilin kabinetinə yerləşdirilməlidir. Bunu vaxt və resusr çatışmazlığı ilə əlaqələndirə bilərlər. Lakin əgər bu sistem yaradılıbsa, sistemin fəaliyyəti ilə bağlı bütün işlər görülıməlidir. Çünki sadaladığım çatışmazlıqlar keyfiyyətli hüquqi yardım almaq hüququna maneə törədir. Vətəndaşların konstitusion hüquqlarının təmin olunması baxımından bu məsələlərin öz həllini tapması vacibdir".
Qulam İsmayılzadə deyib ki, "Elektron məhkəmə" informasiya sistemi innovasiya və rahatlıq baxımından qanedicidir: "Lakin sistemdə texniki problemlər çox olur. Bəzən 1 gün müddətinə heç nə yükləmək olmur. Bu baxımdan təklif edirəm ki, server daha da təkmilləşdirilsin. Eyni zamanda sistemdə "bildiriş" bölməsində də problemlərə rast gəlinir. Belə ki, bəzən bir iş üzrə 10-15 bildiriş gəlir, onlar üst-üstə yığılır, lakin birdəfəlik təmizləmə funksiyası yoxdur. Bildiyimiz kimi, "WhatsApp" və digər sosial şəbəkələr vasitəsi ilə göndərilən audio və video məlumatlar məhkəmələr tərəfindən sübut kimi qiymətləndirilə bilər. Bu səbəbdən hesab edirəm ki, sübutların audio və video fayl formasında sistemə yükləmək imkanının olması tərəflərin sübut təqdim etmə imkanını daha da sadələşdirə bilər"
Cavad Cavadov da sistemin üstünlükləri ilə yanaşı, çatışmazlıqların mövcud olduğunu söyləyib: ""Elektron məhkəmə" informasiya sisteminin tətbiqi ilə sözsüz ki, ilk növbədə vəkillərin işləri asanlaşdı, kommunikasiya çevik, rahat oldu. Zaman itkisinin qarşısı alındı. Əvvəllər fiziki poçtla göndərilənlər indi bu sistem və ümumiyyətlə elektron poçt vasitəsi ilə göndərildiyindən həm də məsrəflərin qarşısını alır. Təbii ki, sistemin çatışmazlıqları da vardır və buna da normal yanaşılmalıdır. "Elektron məhkəmə" sisteminin mobil tətbiqi işləmir, işləyən vaxtı da təkmil deyildi, yenilənmirdi. Onun normal qaydaya salınması zəruridir. Eyni zamanda gələcəkdə elektron istintaq sisteminin yaranmasını və bu sistemin də "Elektron məhkəmə" sisteminə inteqrasiya olunmasını istərdik".
Sevinc Əliyeva sistemin fəaliyyətinin onu qane etdiyini bildirib: "Lakin əksər hallarda sistemdə texniki problemlər olur. Eyni anda çox adam daxil olduğu üçün sistem işləmir, donur. Təbii ki, sistemin daha da təkmilləşdirilməsinə ehtiyac var. Məsələn, qarşı tərəfə iddianı göndərərkən sistemdə onun göndərilib-göndərilmədiyini görmək olmur. Ona görə də hesab edirəm ki, bu problem həll olunsa daha yaxşı olar".