Uşaqlara pulsuz verilən dərman bir aydır gömrükdə saxlanılır

 31-03-2024

“Respublika Endokrinoloji Mərkəzində uşaqlara boy artımı ilə bağlı pulsuz verilən “Biosidus” firmasına məxsus hormon iynəsi tapılmır”.   

Bu şikayətlə “Qafqazinfo”ya valideynlər müraciət ediblər. Qeyd edilib ki, problem artıq bir neçə həftədir ki, davam edir.

Onların sözlərinə görə, mütəmadi olaraq vurulmalı olan iynəni bu səbəbdən bir aya yaxındır ki, yubatmaq məcburiyyətində qalıblar: 

“Hər ay Endokrinoloji Mərkəzə müraciət edib iynəni götürürdük. Martın əvvəlində yenə müraciət edəndə məlum oldu ki, iynə yoxdur. Mərkəzdən bizə deyirlər ki, iynələr sifariş olunub, lakin gömrükdə saxlanılıb. Səbəbini isə bilmirik”.

Şikayətçilər iynənin xüsusi temperaturda saxlanmalı olduğunu bildirirlər. Valideynlər qorxurlar ki, gömrükdə uzun müddət qalmaqla preparat öz keyfiyyətini itirə bilər: 

“Bu iynəni biz soyuducuda saxlayırıq. Hətta mərkəzdən alıb evə gətirmək üçün də buz torbasından istifadə edirik. İndi gömrükdə hansı şəraitdə saxlanılır, niyə saxlanılır, bilmirik. Axı bu dövlət proqramıdır, uşaqları bu hormonsuz qoymaq olmaz”.

Yaranmış problemlə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət olunub. Komitədən sorğuya cavab olaraq bildirilib ki, qeyd edilən dərman vasitələri martın 3-də ölkəyə gətirilib və mallar Bakı Karqo Terminalının anbarında xüsusi soyuducularda saxlanılır: 

“Yubanmanın səbəbi isə odur ki, idxalatçı şirkət ƏDV ilə bağlı ödənişlərinin həyata keçirilməsi üçün vəsaitinin olmadığını bildirərək qanunvericiliklə tələb olunan gömrük bəyannaməsini belə gömrük orqanlarına təqdim etməyib. Mallar gömrük bəyannaməsi ilə gömrük orqanlarına təqdim edildikdən sonra gömrük prosedurlarına uyğun olaraq əməliyyatlar həyata keçiriləcək və malların buraxılışı təmin olunacaq”.

Qeyd edək ki, bundan əvvəl də boy artımı üçün istifadə olunan “Norditropin” preparatının verilməsi ilə bağlı problem ortaya çıxıb. Təxminən üç ay ərzində uşaqlara sözügedən iynənin verilməsində fasilə yaranıb. Həmin vaxt Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən yayılan açıqlamada “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsinin istehsalının dayandırıldığı bildirilib. Sonradan isə Respublika Endokrinoloji Mərkəzi hormon təminatı üçün başqa şirkətlə müqavilə bağlayıb. 

Xatırladaq ki, həmin preparatla yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr təmin edilir.

Bənzər yazılar

0.12132692337036