AZAL təyyarəsinin qəzası: ölənlərin sayı açıqlandı

 25-12-2024

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb.

Axar.az xəbər verir ki, Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir.

14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb:

“14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”.

İstintaq prosesi başa çatana qədər “Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılıb.

Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan AZAL-a məxsus təyyarədə sağ qalanların 14-ü Azərbaycan vətəndaşıdır.

Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-si isə Qırğızıstan vətəndaşıdırlar. Daha 3 nəfərin vətəndaşlığı hələ müəyyən edilməyib.

AZAL təyyarənin göyərtəsində 62 sərnişin olduğunu açıqlayıb. İlkin məlumata görə, onlardan 37 nəfəri Azərbaycan vətəndaşı, 16-sı Rusiya vətəndaşı, 6-sı Qazaxıstan vətəndaşı, 3-ü Qırğızıstan vətəndaşıdır.

Hadisə ilə bağlı keçirilən brifinqdə Baş Prokurorluğun mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov deyib ki, təyyarə qəzasında hazırkı məlumata görə 32 nəfər sağdır, onların müalicəsi aparılır.

O bildirib ki, hazırda Qazaxıstanın Prokurorluq orqanları ilə qarşılıqlı cinayət işinin istintaqı prosesi davam etdirilir:

“Cinayət işinin istintaqı ilə bağlı bütün versiyalarla bağlı işlər aparılır. İstintaqla bağlı hər hansı bir nəticə deyə bilmirik. Bütün versiyalarla bağlı işlər aparılır, müvafiq ekspertizalar həyata keçirilir. Azərbaycan Baş Prokurorunun müavinin rəhbərliyi istintaq qrupu Qazaxıstana ezam olunub, orada iş başındadır”.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Prezident İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

 

Bənzər yazılar

0.062846899032593