AZAL Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə uçuşları dayandırdı

 25-12-2024

İstintaq prosesi başa çatana qədər "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Qroznı-Bakı və Bakı-Mahaçqala-Bakı marşrutları üzrə reysləri dayandırılır.

Bu barədə AZAL-da bildirilib.

Digər istiqamətlərdə uçuşlar ştat rejimində cədvələ uyğun həyata keçirilir.

Bundan başqa, Xilasedicilər Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğradığı yerdə “qara qutu” aşkar ediblər. Bu barədə Qazaxıstanın baş nəqliyyat prokuroru Timur Süleymenov Aktauda keçirdiyi mətbuat konfransında bildirib.

Bundan əlavə, brifinqdə bildiriblər ki, təyyarədə 6 qazaxıstanlı olub və onların hamısı ölüb.

Onu da bildirək ki, AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan 4K-AZ65 qeydiyyat nömrəli “Embraer 190” təyyarəsi 2013-cü ildə istehsal edilib.

İstehsalçının seriya nömrəsi: 19000630. Hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Hava gəmisinin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib. Təyyarəni idarə edən və böyük təcrübəyə malik olan hava gəmisinin kapitanı İqor Kşnyakin 15 min saatdan çox uçuş həyata keçirib ki, onlardan təxminən 11 200 saatını kapitan qismində olub.

Xatırladaq ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Məlumata görə, ekipaj üzvləri də daxil olmaqla, təyyarədə olan 67 nəfərdən 32-si qəzadan sağ çıxıb. Prezident İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

Bənzər yazılar

0.057330131530762