Tutuquşu qızdırması nədir? - Bu şəxslər risk altındadır - XƏBƏRDARLIQ

 13-03-2024

Ölkədə tüğyan edən qızılca xəstəliyinin ardından növbəti virusun yayılması ilə bağlı iddialar insanlar arasında narahatlığa səbəb olub. “Tutuquşu” qızdırması, digər adı Psittakoz bakteriyası olan virusa yoluxma halları bir sıra ölkələrdə müşahidə olunmağa başlayıb. 

Məsələ ilə bağlı həkim Aytən Ziyadova “Yeni Sabah”a danışıb. Bildirib ki, psittakoz yüngül bir xəstəlikdir: 

“Bu xəstəliyin ilkin əlamətləri qızdırma, baş və əzələ ağrısı, quru öskürəkdir. Əksər insanlar bakteriyalara məruz qaldıqdan 5-14 gün ərzində əlamətlər özünü göstərməyə başlayır. Daha az hallarda bu proses 14 gündən sonra baş verir. Quşlarda C.psittaci infeksiyasının əlamətləri qeyri-spesifikdir. Zəif iştah, iltihablı gözlər, nəfəs alma çətinliyi, ishal bu simptomlara daxildir. Yoluxmuş quşlarda xəstəlik əlamətləri olmaya, xəstə görünməyə bilərlər. Sözügedən əlamətlər quşlarda olduqda, baytarlar bu xəstəliyi quş xlamidiozu adlandırırlar. Bu xəstəlik insanlara da yoluxa bilər. İnsanlarda psitakoz ən çox tutuquşular və papağanlar, hinduşka və ördək kimi ev quşları ilə əlaqəlidir”. 

Həkim xəstəliyin necə yayılması barədə də məlumat verib:

“Bakteriyalar yoluxmuş quşlarla təmasda olan insanlara yoluxa bilər. Yoluxmuş quşlarda xəstəlik əlamətləri müşahidə edilməyə bilər. Bu canlılar virusu nəcis və tənəffüs sekresiyalarında daşıyırlar. Nəcis və ifrazatlar quruduqda virus kiçik toz hissəcikləri formasında havaya qarışır. İnsanlar nəfəs aldıqda bu bakteriya onlara da yoluxmuş olur. Daha az hallarda isə dişləmə və dimdiklə təmas fonunda yoluxma baş verir. 

Qeyd edim ki, bu virusun insandan-insana keçməsi ehtimalı çox azdır. Bu əsasən çox nadir hallarda baş verir. Psittakoz bakteriyasının quş əti və məhsulları yolu ilə yoluxması hələlik aşkar olunmayıb”. 

A.Ziyadova kimlərin risk altında olduğunu da bildirib:

“Bütün yaş dövrlərində bu xəstəliyə yoluxma riski var. Ancaq daha çox böyüklər arasında daha çox yayılır.  Ən çox risk altında olan şəxslər quş sahibləri, heyvan dükanındakı işçilər və baytarlardır”. 

 

Bənzər yazılar

0.17172813415527