Kərkinin təbiəti

 17-04-2024

19 yanvar 1990-cı ildən ermənilər tərəfindən işğal olunan Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndinin səfalı və zəngin təbiətindən Kərkili olaraq bəhs edəcəyəm. Kərkinin faunası çox zəngindir. Qaraçınqılda bəbir, ayı, Qırmızı Güneydə və Göy Salda dağ keçiləri və dağlarında nəhəng koramallar, boz canavar, qartal, çöl dovşanı, porsuq, kəklik, tülkü,kirpi, tısbağa və s. olur. Zəhmətkeş kənd camaatı evlərdə qaz, hinduşqa, inək, keçi, toyuq, qoyun-quzu saxlayardı.

Kəndin üzərindən durna qatarları keçirdi, hacıleylək yuvaları da kəndin mənzərəsini gözəlləşdirirdi. Maraqlı məqamdır ki, bal arıları təkcə öz pətəyində yox, Cəhənnəm dərədə qayada da bal hazırlayardı. Kəndlilər həmin balı yığıb evə gətirərdi. Kənd səfalı olduğu üçün həm kənd camaatı, həm də kənar yerlərdən insanlar gələrək burada arı saxlayardılar.

Kəndin florası da zəngin və faydalı idi. Yazda dağlarda liviy, əvəlik, ələyəz toplanar, çəkmə aşı ələyəzdən, omac liviylə əvəlikdən hazırlanardı. Bunlar yumurta ilə də qovrula bilər və qatıq aşı da bişirilərdi. Qazayağı, quzuqulağı, manda (cacıq), çaşır, yovşan, kamax, mərəçöyüd kimi faydalı bitkilər də dağlarda bol idi və turşusu da hazırlanardı. Mırçalıxı əsasən uşaqlar heybə və neş ilə yığmağa gedər və ondan saqqız hazırlayardılar.

kerki

Əcəm də yeməyə yararlıdır, uşaqlar quzu otaranda onu toplayıb daşla qıraraq yeyərdilər. Daşlarda olan xınanı uşaqlar isladaraq əllərini bəzəyərdi. Dağlarda yovşan da bol idi. Yelmik, quşəppəyi, keçi saqqalı, baldırqan həyətdə yetişərdi. Dərələyəzli babam baldırqanı Dərələyəzdən gətirib həyətdə əkmişdi. Kəndlilər baldırqanın şitilini babamdan alıb əkərdilər. Quzuqulağı və yonca duzlanıb yeyiləndə çox dadlı olurdu.

Həmçinin salmanca, xatınbarmağı, qarnıyarıq, unluca, yolotu, göbələk, nazlıqara, yarpızı qovurmayla bişirərdilər. Təndirə yaparaq çirişdən kətə hazırlanardı. Gicitkan, buğatikanı, dəvədabanı, itburnu çiçəyi, kəklikotu, bağayarpağı, əməköməcini faydalı olduğu üçün alıb İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya kimi ölkələrə aparırdılar.

Zəngin və tarixi kənd olduğuna görə xarici ölkələrdən geoloqlar gəlib çadır qurar, aylarla burada qalar və araşdırma aparırdılar. Həmçinin, kəndin təbiətinin gözəlliyinə görə Naxçıvanın kəndlərindən şagirdlər gəlib lagerdə 3 ay qalırdı. Onları heyrətamiz dağlara, Şurudun bulağına, Cəhənnəm dərədəki böyük çaya, Telli Tejgar ziyarətinə, ərik bağlarının yanındakı Şor bulağa, Sarı qayanın altındakı bulaqlara gəzməyə aparardılar.

Kəndin bərəkətli torpağında növbənöv meyvələr yetişirdi: nabat və şalaq ərik, sentyabrda yetişən ağ ərik, kətan köynək və uzun cəviz, şampan və ağ gilas, əl boyda armudlar, belflor alma və cürbəcür ətirli almalar, keçi məməsi üzümü, şanı və qırmızı üzüm, barmaq tutu, ağ və qara tut, yer alması, çöl armudu, yemişan, dağdağan, zirinc, göycə,qarpız, yemiş.

Ərik bağlarında uşaqların ağaclardan yığıb yediyi kilkə və ərik çaqqalası da dadlı olurdu. Bol bəhrəli cəviz və badam ağacları və Telli Tejgarda şam ağacları çox idi. Cəvizin, qarpızın, badımcanın çox ləzzətli mürəbbəsi hazırlanırdı.

kerki01

Kəndə gözəllik verən ətirli və rəngbərəng güllər cürbəcür idi: sırqagülü, lalə, qardaşqayın, qurdqulağı, bənövşə, qarçiçəyi, ətirşah, sarıgül, yasəmən, solmaz çiçəyi, qızılgül. Qızılgüldən mürəbbə də hazırlanırdı. Qardaşqayın gülü təkcə O tay adlı yerdə Qırmızı Güneydə, qırmızı, sarı lalələr may ayında Telli Tejgarın sinəsində, həyətlərdə yasəmən, dağlarda bənövşə, qarçiçəyi olurdu.

Kərki deyəndə gəzməli-görməli yerləri, bulaqları, çayları, dağları da yada düşür: Böyük Tejgar, Kiçik Tejgar, Qazma bulağı, Nabat bulağı, Dem və Demdəki bulaq, Gədiy və Gədiydəki bulaq, Qurdbaba və Qurdbabadakı bulaq, O tay, Bu tay, Bəzirxana, Köhnə Kərki, Dəlik daş, Böyük daş, Sənəm zağası, Sulu zağa, Ağıl dərəsi, Qapıardı, Gavurqala, Cəhənnəm dərə, Şırran və Şırran körpüsü, Qızıldaş, Alma yokkuşu, Qırmızı Güney, Şurut bulağı, Sarıqayanın altı, Şor bulaq, Təndir torpağı, Ərik bağları, Göy Sal, Bərin cığırı, Cəfərli, Dovşan Güneyi, Ağ torpaqlıq, Ağdaş, Dərənin çayı, Qara ağaclıq, İt oturan, Gen dərə, Qaraçınqıl - bu dağın qarı yayda da əriməzdi. Kənddən göz oxşayan çay da keçirdi.

  orxan muellim1

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi
Osman Əhmədzadə

Bənzər yazılar

0.11848878860474