Bəzi bölgələrdə uşaq məzarlarının “pir” adlandırılması, oraya toplaşaraq ərzaq məhsulları qoymaq və yemək süfrəsi açmaq kimi adətlər hələ də davam edir. Hansı ki, bu məsələ zaman-zaman ictimaiyyətdə tənqid olunur.
Bəs bu adətlər islam dininə uyğundurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən ilahiyyatçı Tural İrfan bildirib ki, bu kimi davranışlar İslam dini ilə heç bir şəkildə uyğun gəlmir və dini prinsiplərə ziddir:
“İslam dinində, kimin qəbri olmasından asılı olmayaraq, məzarların pirə çevrilməsi, ibadət və ya mədət ummaq yeri kimi ziyarət olunması qəti şəkildə qadağandır. Peyğəmbərimiz belə öz vəsiyyətində bildirib ki, məzarını ibadətgaha çevirməsinlər. Məzarlar təmtəraqlı olmamalı, sadə şəkildə inşa edilməlidir. Bu kimi adətlər – qəbir üstündə yemək, ərzaq qoymaq, qurban kəsmək – İslamdan öncəki bəzi qədim dinlərin, məsələn, yezidiliyin izlərini daşıyır və bütpərəstliyə aparan yol kimi qiymətləndirilir”, - deyə müsahibimiz diqqətə çatdırıb.
Tural İrfanın sözlərinə görə, İslamda qəbir nə ibadət yeridir, nə də mədət ummaq üçün nəzərdə tutulub:
“Qəbir daşını təmtəraqla düzəltmək, məzarlıqda yemək yemək, qurban kəsmək həm dini, həm də tibbi və gigiyenik baxımdan doğru deyil. Bu davranışların İslamda heç bir əsası yoxdur”.
İlahiyyatçı bu cür xurafatların yaranmasının əsas səbəbi kimi dini biliklərin çatışmazlığını və qeyri-səhih dini təbliğatın təsirini göstərir:
“İnsanlar ya dini bilmir, ya da xurafatçı ruhanilərin təsiri altına düşürlər. Sağlam düşüncəli, elmi biliklərlə "silahlanmış" din xadimləri bu kimi xurafatların qarşısını almaq üçün səhnəyə çıxmalı, dinimizi doğru və səhih şəkildə insanlara çatdırmalıdırlar”- deyə o qeyd edib.
Uşaq məzarlarının “pir”ə çevrilməsi – İslama görə qəbirlərdən mədət ummaq doğrudurmu?
18-05-2025
