Tovuzda məktəb müəlliminin valideynlərdən hədiyyə qismində zinət əşyası tələb etdiyi söylənilir.
Sosial şəbəkədə edilən paylaşımda Tovuz rayon Əlimərdanlı kənd M.Musayev adına tam orta məktəbinin Günel adlı müəlliməsinin özünə təmtəraqlı tədbir təşkil etdiyi bildirilir.
Görüntülərdə bir neçə qadının sıraya düzüldüyü, onlardan birinin müəllimənin barmağına qızıl üzük taxdığı əks olunub.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən ildirilib ki, sözügedən faktla bağlı araşdırma aparılır.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Tovuzda valideynlərdən hədiyyə olaraq zinət əşyası tələb edən müəlliməyə töhmət verilib.
"Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliməsinə zinət əşyasının alınması ilə bağlı video yayılıb.
Sözügedən video mayın 24-ü qeyri-iş günü, məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəlliməyə təqdim edilib.
Bununla yanaşı, bildiririk ki, təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur.
Bu baxımdan, valideynlərə bir daha müraciət edərək xatırladırıq ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır. Etik davranış qaydalarını pozduğuna görə müəlliməyə töhmət verilib", - cavabda qeyd olunub.
Bundan başqa, Tovuzda müəllimənin valideynlərdən zinət əşyası tələb etməsi xəbərinə aydınlıq gətirilib.
MillətinSəsi.İnfo "Teleqraf"a istinadən xəbər verir ki, övladları Tovuzun Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbinin ibtidai sinfində təhsil alan valideynlər həmin məktəbin müəlliməsi Günel Məmmədovanı müdafiə ediblər.
Müəllimənin barmağına üzük taxan valideynlər bildiriblər ki, sözügedən addımı onlar öz təşəbbüsləri ilə atıblar.
"Biz öz təşəbbüsümüzlə tədbir keçirmişik. Tədbirə müəllimi qonaq çağırmışıq. Ona çox da bahalı olmayan zinət əşyası almışıq. Müəllimin bundan xəbəri olmayıb", - deyə Elgün İbadova adlı valideyn bildirib.
Digər valideyn Ayşə Kərimova da deyib ki, hədiyyəni valideynlər özləri birlikdə alıblar.
Adıçəkilən müəllimə də iddialara cavab verib. O, valideynlərin bu addımından son anda xəbəri olduğunu deyib. Hədiyyəyə gəldikdə isə onu valieynlərə hörmətsizlik olmasın deyə qəbul etdiyini bildirib:
"Məndən xahiş etdilər ki, tədbirlərinə qatılım. Mən də onların könlünə dəyməmək üçün orada iştirak etdim. Hədiyyəni də valideynlərə hörmətsizlik etməmək üçün götürdüm. Bu həddə çatacağını bilsəydim, götürməzdim", - deyə görüntüsü yayılan Günel Məmmədova deyib.