Riyaziyyat fənni üzrə hələ ki, nəticələr istədiyimiz səviyyədən aşağıdır.
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Aztv-nin "Hədəf" verilişində deyib.
Onun sözlərinə görə, bu fənn üzrə yüksək nəticə göstərənlərin sayı kifayət qədərdir:
"Xarici dilə gəlincə, inanmırdım ki, qısa müddətdə nəticələr yaxşı olsun. Amma orta göstəricilər 40%-ə çatır və bu, bizim ölkə üçün çox yaxşı nəticədir".
DİM sədri əlavə edib ki, əvvəlki illərlə müqayisədə artıq şagirdlərin 70%-i açıq tipli test tapşırıqlarını yerinə yetirə bilir. Halbuki əvvəllər bu göstərici 30-40 faiz idi:
"Yeni növ imtahana keçid edəndə maksimum 40% məzun yazı işini yerinə yetirə bilirdi. Xüsusilə tədris dili üzrə göstəricilər yaxşıdır. Addım-addım nəticələr yaxşılaşır, amma sıçrayış yoxdur. Ötənilki keçid balı ilə müqayisədə bu il III qrupda bəzi ixtisaslarda keçid balları 3-5 bal arta bilər."
Onun sözlərinə görə, II ixtisas qrupunda bu vəziyyət görünmür:
"I və IV ixtisas qrupunda da düşünürük ki, ballar ötənilki səviyyədə olsun. Ümumilikdə, ərizə verənlərin sayından yox, bütün imtahan nəticələrindən sonra müqayisə edilə bilər ki, müsabiqəyə kim buraxılsın. Müsabiqəyə buraxılanlar isə yalnız 200 baldan, ya da müəyyən istiqamətlər üzrə 150 baldan yuxarı nəticə göstərən şəxslərdir".