Neftçalalı tələbənin Ukraynada rus əsgərləri tərəfindən girov götürüldüyü təsdiqlənib.
“Report”un Aran bürosunun məlumatına görə, rayonun Tatarməhlə kənd sakini, 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amin oğlu orta təhsilini başa vurduqdan sonra Ukraynanın Mariupol Dövlət Universitetinə qəbul olub.
Doğmalarının dediyinə görə, artıq üç ildir universitet tələbəsi olan H.Abdullayev srağagün Mariupol şəhərində rus ordusunun əsgərləri tərəfindən girov götürülüb.
Hazırda tələbənin valideynləri və yaxınları çox narahatdır. Onlar H.Abdullayevin xilas edilməsi üçün dövlət tərəfindən yardım istəyirlər.
Bundan başqa, Ukraynada rus əsgərlərinin girovluğunda olan 20 yaşlı neftçalalı tələbə Hüseyn Abdullayevi anası ilə danışdırıblar.
Tələbəni girov götürənlər bu səhər danışıqlarında onunla bağlı qərarlarını yaxın saatlarda bildirəcəklərini desələr də, sonradan komandanlığın əmrini gözlədiklərini deyiblər. Tələbənin anası ağladığı üçün danışıq yarıda kəsilib.
Tələbə-girovun əmisi Cahid Abdullayev “Report”un Aran bürosuna bildirib ki, Ukraynada neftçalalı tələbəni girov götürənlər şərtlərini açıqlayıblar.
“Bir saat bundan öncə qardaşım oğlu Hüseyn Abdullayevi girov götürənlər mənimlə telefon əlaqəsi saxladılar. Dedilər ki, Ukraynada bizim əsirlər var. Əsirlər dəyişdirilən zaman Abdullayevi də o zaman rus əsirinə dəyişə bilərik” - deyə Cahid Abdullayev bildirib.
Qeyd edək ki, Neftçalanın Tatarməhlə kəndində doğulan 2002-ci il təvəllüdlü Abdullayev Hüseyn Amil oğlu Ukraynanı Mariupol Dövlət Universitetinin III kurs tələbəsidir. Srağagün universitetin yataqxanasının zirzəmisində gizlənən H. Abdullayev Azərbaycana qayıtmaq istəyərkən rus əsgərləri tərəfindən girov götürülüb.