Bakıda sökülən ev tarixi memarlıq abidəsidir?

 08-01-2024

Bakının Yasamal rayonunda Zivər bəy Əhmədbəyov küçəsi 52 ünvanında yerləşən, 1890-cı illərin sonu - 1900-cü illərin əvvəllərində tikilmiş və memarlıq xüsusiyyətlərinə malik olan yaşayış binası sökülüb.

Məlumat üçün qeyd edək ki, tikilinin memarı Məşədi Mirzə Qafar İsmayılovdur.

Azərbaycan Memarlar İttifaqının rəsmi nümayəndəsi, memar Əbdül Hüseynovun Caliber.Az-a verdiyi məlumata görə, bu il oktyabrın əvvəlində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən bu yaşayış binasının söküntüsü dayandırılıb:

“O zaman İttifaqa həmin evin fasadının qorunub saxlanacağına dair söz verilmişdi, lakin indi o sökülüb. Amma təxminən iki il bundan əvvəl Azərbaycan Memarlar İttifaqı və “Vətəndaş” İctimai Birliyi bir neçə qiymətli tikili, o cümlədən bu evi müəyyən edərək onu qorunması vacib olan tikililərin siyahısına daxil edib.

Tikilinin memarlıq abidəsi kimi tanınması, habelə bu ərazidə qiymətli memarlıq binalarının olması barədə məlumatlar toplanaraq Mədəniyyət Nazirliyinə, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Lakin göründüyü kimi, bütün bu müraciətlərə dövlət qurumları tərəfindən məhəl qoyulmayıb və nəticədə Bakı şəhəri 19-cu əsrin sonu - 20-ci əsrin əvvəllərinə aid daha bir tarixi-memarlıq binasını itirmiş oldu”.

 

 

Öz növbəsində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, bu ev Azərbaycanın dövlət tərəfindən mühafizə olunan tarixi, mədəniyyət və memarlıq abidələrinin siyahısına daxil edilməyib.

“Bu yaşayış binasının qəzalı vəziyyətdə olması təsdiq edilib. İndi müvafiq strukturlar qanun çərçivəsində sakinlərin köçürülməsi ilə məşğuldurlar. Dövlət komitəsi tərəfindən bu evin yerində yenisinin tikintisi üçün icazə verilib”, - Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

 

 

Bənzər yazılar

0.20853495597839