"Bu, çoxlarının yaralı yeridir" - Niyə onlar topa tutulur... 

 01-05-2024

İnsanlarımızın komik videolara qarşı münasibəti heç vaxt birmənalı olmayıb. İzlədiyi videoları gülməli hesab edənlərlə yanaşı, baxıb güldüyü halda bunu "təlxəklik" adlandıranlar da var.

Nədənsə cəmiyyətdə bir qisim özünü ancaq intellektual zarafatlara, videolara  baxıb gülən biri kimi təqdim edir.

Təsadüfi deyil ki, qısa zamanda yüz minlərlə baxış sayı toplayan və viral olan videolar hər zaman müəyyən kəsim tərəfindən tənqid edilir və ya "şit" adlandırılır.
Belə demək mümkünsə, insanları güldükləri komediyadan utandırmağa çalışırlar.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan "Komedixana"nın aktyoru Mənsur Şərif deyib ki, bu, çoxlarının yaralı yeridir:

"Bu elə bir mövzudur ki, bir çox yaradıcı insanların yaralı yeridir. Bunu neçə nəfər məndən əvvəl deyib, məndən sonra da deyəcəklər. Nə qədər desək də bir o qədər də olacaq. Ona görə də deməyin adı yoxdur, qoy, desinlər. Yumorun müxtəlif növləri, hərənin öz dəsti-xətti var. Bununla bağlı heç nə deyə bilmirəm. Özümü yormaq istəmirəm, onsuz da mən deməklə heç nə düzəlməyəcək".

M.Şərifin fikrincə, insanların yumora reaksiyası onların hansı əhvali-ruhiyyədə olmasından asılıdır: 

"Bu dəqiqə gündəmi zəbt edən real hadisələr var. Qarşımıza bununla bağlı videolar çıxır. Mən onlara da, intellektualına da, yəni hər cür yumora baxıb gülürəm. Çünki yumoristik insanam, mənim üçün fərqi yoxdur. Hər cür yumora baxanda gülməsəm də, ən azından üzümdə bir təbəssüm yaranır, amma kiməsə neqativ enerji vermirəm, pis fikirlərimi irəli sürmürəm. 
İnsan komik videoya hansı psixoloji baxımdan baxırsa, o cür də başa düşür. Gülmək məqsədilə baxırsansa, təbii ki, baxıb güləcəksən, ağlamaq məqsədilə baxırsansa, ağlayacaqsan. Əhvali-ruhiyyədən asılıdır".

Billurə Yunus 

 

Bənzər yazılar

0.057219982147217