Baku TV-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlıya həsr olunmuş araşdırma efirə gedib.
Qeyd olunub ki, Cümhuriyyətimizin qurucularından biri Məhəmməd Əmin Rəsulzadə Cəfər Cabbarlı haqqında danışarkən mistik bir məqama - onun doğum gününün də, ölüm gününün də Yeni ilə təsadüf etdiyinə diqqət çəkirdi:
20 mart 1899-cu il və 31 dekabr 1934-cü il. Həmçinin vurğulanıb ki, Cəfər Cabbarlının teatr sənəti ilə tanışlığı daha erkən yaşlarında başlayıb. O, 1915-ci ildə 3 saylı ali ibtidai məktəbdə təhsil aldığı vaxtlarda ilk səhnə əsərini - “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” pyesini qələmə alır. Başqa bir pyesini - “Solğun çiçəklər”i də elə həmin il yazır. Dramaturqun qələmə aldığı “Ədirnə fəthi” əsərində onun türkçülük ideallarına heyranlığı özünü bariz şəkildə göstərir.
Bakının daşnaklardan azad olunması münasibətilə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın şərəfinə bugünkü Filarmoniyada böyük bayram təntənəsi keçirilir. Həmin gün “Ədirnə fəthi”ndən kiçik bir hissə oynanılır.
Tamaşanı seyr edən Nuru Paşa bu əsərin müəllifi olan Cəfər Cabbarlı ilə görüşmək qərarına gəlir. Milli hökumətin yarandığı illərdə parlamentdə stenoqraf işləyən C.Cabbarlı dramaturgiya, eləcə də lirik yaradıcılığını davam etdirir. Cəfər 1920-ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşam, milli hərəkatın bir çox cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin evinə yığışır və beləliklə, “Gənc müsavatçılar” hərəkatı yaranır.
Bu gizli təşkilatın sədri Mirzəbala Məmmədzadə, baş katibi isə Cəfər Cabbarlı olur. 1923-cü ildə bir çox gənc ictimai-siyasi xadim kimi Cəfər Cabbarlı da həbs edilir. Sonralar Türkiyədə mühacir həyatı yaşayan Mirzəbala Məmmədzadə o dövrü belə xatırlayır:
“1919-1920-ci illərdə “Müsavat” firqəsinin Bakı komitəsinin əzası olan Cəfər Cabbarlı 1923-cü ilin yayında Bağırovun Çekasında dizə qədər su dolu qaranlıq zirzəmidə saxlanılırdı”.
Ətraflı süjetdə: