DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başlayıb

 15-04-2025

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və strukturuna daxil olmayan tabeliyindəki qurumlarda dövlət vəsaitlərinin və əmlakının idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunması və Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məktub ilə əlaqədar həmin materiallar DTX-yə göndərilib.

MillətinSəsi.İnfo APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat"ında əksini tapıb.

Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş məlumatlara əsasən, 1 audit üzrə aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Onu da qeyd edək ki, Hesablama Palatasının hesabatında 2024-cü ildə Naxçıvan Muxtar Respublikasında 4 audit üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar Baş Prokurorluğa, eləcə də Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) göndərildiyi bildirilib.

Hesablama Palatasının hesabatındakı sənəddə deyilir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən təqdim edilmiş məlumata əsasən, Palatanın yerli idarəsinin 2024-cü ilin iş planı üzrə 3 auditlə bağlı göndərdiyi materiallar cinayət işlərinə əlavə olunub və hazırda istintaq aparılır. Bu auditlərdən 1-i üzrə 0.2 milyon manatın, əvvəlki illərdə göndərilmiş materiallar üzrə isə 0.1 milyon manatın ödənildiyi bildirilib.

İl ərzində Palatanın Naxçıvan idarəsi 2024-cü il üçün təsdiq olunmuş iş planına uyğun olaraq il ərzində 6 uyğunluq auditi və 2 analitik fəaliyyət keçirib və nəticələri rəsmiləşdirib.

"2024-cü ilin iş planı üzrə başa çatdırılmış auditlərlə uyğunluq elementləri üzrə cəmi 46.6 milyon manat maliyyə pozuntusu aşkarlanıb. Bunun 12.7 milyon manatını hesablanmış büdcəyə zərər təşkil edib. Aşkarlanmış pozuntunun 31.5 milyon manatı bank hesabında saxlanmaqla Naxçıvanın büdcəsinə köçürülməyən vəsaitdən ibarət olub. İdarənin keçirdiyi auditlərlə maliyyə hesabatları üzrə 19 milyon manat təhrif aşkarlanıb ki, bunun da 18.3 milyon manatı əhəmiyyətli təhriflərdən ibarət olub. Yuxarıda qeyd olunan nöqsanlardan əlavə, 2024-cü ilin İş Planına uyğun olaraq İdarə tərəfindən keçirilmiş auditlərlə aşkarlanmış səmərəsiz xərclərin məbləği 2.3 milyon manat olub", - deyə hesabatda qeyd olunub.

Hesablama Palatasının kollegiyası tərəfindən 83.4 milyon manat hesablanmış büdcəyə zərərin müvafiq qaydada pul və ya natural şəkildə bərpası, eləcə də əvəzləşdirilməsi istiqamətində qərar qəbul olunub.

21.2 milyon manat hesablanmış büdcəyə zərərin əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda Hesablama Palatası tərəfindən bu məbləğin bərpası istiqamətində birbaşa tədbirlər müəyyənləşdirilib, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.

8.7 milyon manat hesablanmış büdcəyə zərər üzrə cinayət tərkibinin əlamətlərinin ehtimal olunması ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Kənar dövlət maliyyə nəzarəti tədbirləri hesablanmış büdcəyə zərərdən əlavə, digər maliyyə pozuntuları qeydə alıb ki, bu onların məbləği 461.6 milyon manata bərabər olub.

Bənzər yazılar

0.074558973312378