Arayik Arutyunyan Ermənistanın işğal zamanı qanunsuz məskunlaşma apardığını təsdiqləyib

 23-06-2025

İyunun 23-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arayik Arutyunyan prokurorların suallarını cavablandırarkən Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərinə Suriyadan və Livandan gətirilən şəxslərin məskunlaşdırıldığını təsdiqləyib.

MilletinSesi.info AZƏRTAC-a istinadən xəbər ki, o, Azərbaycanla sərhədyanı bölgələrdə - Ermənistanın Gorus, Qafan rayonlarında yaşayan Ermənistan vətəndaşlarının bir qisminin həmin vaxt işğal altında olan Zəngilan, Qubadlı və Laçın rayonlarına gələrək orada məskunlaşdıqlarını deyib və əlavə edib:

"Çünki həmin ərazilərdə xüsusilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərmək üçün böyük imkanlar mövcud idi. Köçürülən şəxslər əsasən kənd təsərrüfatı işləri ilə məşğul olurdular. Siz Sünik rayonunun coğrafiyasını bilirsiniz. Orada kənd təsərrüfatı aparmaq üçün geniş imkanlar yoxdur. Zəngilan, Qubadlı və Laçın rayonlarında isə bu sahədə imkanlar daha çox idi".

A.Arutyunyan məskunlaşmaq üçün digər ölkələrdən gələnlərlə müqayisədə Ermənistandan gələnlərin xüsusi təşviq edilmədiyini söyləyib: "Biz onlara mane olmurduq. Onlar harada yaşamaq və nə ilə məşğul olmaq istədiklərini özləri seçirdilər".

O, Laçın və Kəlbəcər rayonunda erməni milliyyətindən olan şəxslərin də sonradan məskunlaşdırıldığını təsdiqləyib: "Bu, sonradan olub. Əvvəllər Laçın rayonunda ermənilər yaşamayıb. Mənim bildiyimə görə, Kəlbəcər rayonunda da eyni vəziyyət olub".

Bundan başqa, Arayik Harutyunyan Azərbaycanın vaxtilə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qondarma qurumun "bank sistemi” barədə prokurun suallarını cavablandırıb.

Təqsirləndirilən şəxs özü də vaxtilə qondarma rejimdə fəaliyyət göstərən bank filiallarında çalışdığını bildirib.
 
A.Harutyunyan qondarma rejimin əsas "bankı” kimi təqdim olunan "Artsaxbank”ın Ermənistan Respublikasının Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçirilən "bank” olduğunu söyləyib.
 
"Bank”ın qeydiyyat yeri Ermənistan paytaxtı olub. Lakin baş filialı həmin vaxt işğal altında olan Xankəndi şəhərində fəaliyyət göstərib. Həmin "bank”ın Azərbaycanın vaxtilə işğal altında olan digər ərazilərinin mərkəzi yerlərində də filialları olub.
 
"O bankın Ermənistanın digər bankları ilə müqayisədə heç bir üstünlüyü, imtiyazı yox idi”, - deyə A.Harutyunyan əlavə edib.
 
Bundan başqa, vaxtilə işğal altında olan Azərbaycan ərazilərində Ermənistanın digər banklarının da filialları fəaliyyət göstərib. A.Harutyunyan filialların zərərlə işlədiyini də söyləyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi iyunun 30-da davam etdiriləcək.

 

Bənzər yazılar

0.078433990478516