Ukraynalı uşaqlardan ibarət daha bir qrup - Ukraynanın hərbi əsir, itkin düşmüş və həlak olmuş hərbçilərinin uşaqları istirahət və reabilitasiya üçün Azərbaycana gəlib.
MillətinSəsi.İnfo-nun verdiyi məlumata görə, bu barədə Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusyev özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, qonaqları Ukrayna-Azərbaycan Parlamentlərarası Əlaqələr üzrə İşçi Qrupunun rəhbəri, millət vəkili Əlibala Məhərrəmzadə və səfirliyin əməkdaşları qarşılayıblar.
Səfər çərçivəsində uşaqlar Quba şəhərində yerləşən sanatoriyada reabilitasiya keçə, Azərbaycan mədəniyyətinin gözəlliyini dərk edə, həmçinin Ukrayna Mədəniyyət Mərkəzini və Bakının möhtəşəm görməli yerlərini ziyarət edə biləcəklər.
Qeyd edilib ki, bu, müharibə dövründə Ukraynadan Azərbaycana istirahət və reabilitasiya üçün gələn doqquzuncu qrupdur.
Səfir Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına, həmçinin Hərbi əsirlərlə bağlı Koordinasiya Qərargahının komandasına və bütün xeyriyyəçilərə, mesenatlara səfərin təşkilində göstərilən dəstəyə görə təşəkkür edib.
"Bu, təkcə xalqlarımızın dostluğunun həqiqi təzahürü deyil, həm də Ukrayna-Azərbaycan strateji tərəfdaşlığının möhkəmləndirilməsinə mühüm töhfədir", - deyə Qusyev sözlərini yekunlaşdırıb.